Ölkə çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycanda 2024-cü ilin ən yaxşı məşqçisi seçilib.
Arena.az xəbər verir ki, Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub.
Qurbanov 64 jurnalistin qatıldığı sorğuda 47 səs toplamaqla, 2024-cü ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 14-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb!
Sorğuda iştirak edənlərdən 8-i “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova, 7-si “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, 2-si “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevə səs verib. “Sumqayıt”ın keçmiş, “Neftçi”nin hazırkı çalışdırıcısı Samir Abasova səs verən olmayıb. Bu mütəxəssislər də ilin məşqçisi adına namizədlər siyahısında yer almışdı.
Xatırladaq ki, “Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluğu bayram edib. Bundan başqa, Ağdam təmsilçisi ölkə kubokuna da sahib çıxıb. Qurbanovun komandası növbəti dəfə Avropa Liqasında Liqa mərhələsinə (əvvəlki qrup mərhələsi) vəsiqə qazanıb.
İlin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimi dekabrın 14-də keçiriləcək. “Fairmont otel”in (“Üç alov qülləsi”) “Nizami Gəncəvi zalı”nda təşkil olunacaq tədbir saat 13:30-da başlayacaq.
Qeyd ki, Qurban Qurbanov 2006-2007-ci illərdə “Neftçi”yə rəhbərlik edib. 52 yaşlı mütəxəssis 2008-ci ilin iyul ayından “Qarabağ”a rəhbərlik edir. Bir müddət Azərbaycan millisində də baş məşqçi kimi çalışmış təcrübəli mütəxəssis Ağdam təmsilçisini 654 oyuna çıxarıb. “Qarabağ” bu oyunlarda 385 qələbə qazanıb, 145 heç-heçə edib, 124 məğlubiyyətə üzülüb.
“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 10 dəfə Azərbaycan çempionu olub, 6 dəfə Azərbaycan Kubokunu qazanıb. Qurbanov Azərbaycan çempionatları tarixində həm eyni komandada, həm də ümumilikdə ən çox oyun keçirən baş məşqçidir. Adını Azərbaycan futbolu tarixinə qızıl hərflərlə yazdırmış mütəxəssis Ağdam klubu ilə avrokuboklarda da müxtəlif ilklərə imza atıb.