Qurban Qurbanov: “4 qola rəğmən, futbolçulardan narazı qaldım”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 4:0 hesabıyla qalib gəldikləri səfər matçından sonra baş tutan mətbuat konfransında bunları dilə gətirib:

“Futbolçularıma təşəkkür edirəm. Bu meydançada azarkeşlər üçün çox maraqlı oyun göstərdilər. Baxmayaraq ki, ilk matç və qarşımızdakı komanda “Neftçi” idi. Çox istəkliydilər. Bu matça çox ciddi yanaşırdıq. İki fərqli hissə keçdi. İlk yarıda üç qol vursaq da, ikincidə daha çox imkanlarımız oldu. Buna görə də futbolçulardan bir az narazı qaldım ki, çox epizodlara qeyri-ciddi yanaşdılar Onlarla söhbətimiz oldu, fikirlərimi bildirdim. Görüşə tam baxandan sonra daha ətraflı müzakirə edəcəyik. Hardasa başa düşürəm ki, gərgin mövsüm keçiriblər. Həm fiziki, həm psixoloji yorğunluq var. Amma işimizdir və hər matça ciddi yanaşmalıyıq, öz keyfiyyətimizi qoruyub saxlamalıyıq. Bu oyunun həm nəticə, həm digər elementlərə görə faydası olacaq. “Neftçi”yə uğurlar arzulayıram, azarkeşlərə təşəkkür edirəm”.

Qurban Qurbanov iki qola imza atan Toral Bayramov haqda da danışıb: “Toral Bayramovu əvvəllər də yarımmüdafiənin sağ cinahında oynatmışıq. Statistikaya baxsaq, yaxşı oyun göstərdi. Bu gün daha keyfiyyətli oynayır, bunu bacarır. Qollara deyil, digər epizodlara baxsaq, mövqe səhvləri var idi. Mübarizələrdə daha bərk, diqqətli və məsuliyyətli olmalı, bunu yaxşılaşdırmalıdır”.

Baş məşqçi transferlərlə bağlı fikirlərini bildirib: “Hansısa variantlar var. Bəzi mövqelər üçün futbolçularla maraqlanmağa başlamışıq. Bunun üzərində çalışırıq. Mövsümün sonunu gözləməli olacağıq. Bu istiqamətdə iş saatımızı artırmışıq”.