Azərbaycan Premyer Liqasının 11-ci turunun “Şamaxı” ilə ev oyunu “Qarabağ” və baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Qarabağ” Qurban Qurbanovun baş məşqçi olduğu dövrdə 500-cü çempionat oyununu keçirib. Ağdam klubu yubiley görüşündə “Şamaxı”nı 3:0 hesabı ilə məğlub edib.
17-ci mövsümdür “Qarabağ”ı çalışdıran Qurbanovun debütü 2008-ci avqustun 9-da “Bakılı” ilə səfər görüşünə təsadüf edib. Həmin qarşılaşmada onun komandası 2:1 hesabı ilə qalib gəlib. Ağdam klubu Qurban Qurbanovun baş məşqçi olduğu müddətdə Azərbaycan Premyer Liqasında 315 qələbə qazanıb. Qalan oyunlarda 116 heç-heçə və 69 məğlubiyyət qeydə alınıb.
Qeyd edək ki, Qurban Qurbanov Azərbaycan çempionatları tarixində həm eyni komandada, həm də ümumilikdə ən çox oyun keçirən baş məşqçidir.
“Qarabağ” klubu “Şamaxı” ilə oyunda həm də Azərbaycan çempionatında 150-ci böyükhesablı qələbəsini qazanıb. Artıq qeyd etdiyimiz kimi, Ağdam klubu öz meydanında “Şamaxı”nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. 1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan Ağdam təmsilçisi ən çox böyükhesablı qələbə qazanan komandadır.
Xatırladaq ki, komanda ilk belə qələbəsini 1992-ci ildə qazanıb. “Qarabağ” mayın 6-da evdə Kürdəmir “Şirvan”ına 6:0 hesabı ilə qalib gəlib.
“Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündə 10 oyuna topladığı 27 xalla vahid liderdir. Ağdam klubunun ehtiyatda təxirə salınmış bir oyunu da var.


