“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Azarkeşlərimizə təşəkkür edirəm. Bu gün stadionda tam başqa ab-hava var idi. Hər oyunda onları gözləyirik. Azarkeşsiz futbol çox zəif görünür. Çox vacib qələbə qazandıq. Onlardan razı qaldım. Sona kimi sürəti, dinamikanı saxlaya bildilər. “Neftçi” bir neçə yaxşı qol epizodu yaratdı. Bu, onların gücündən xəbər verir. “Neftçi”yə, Samir Abasova uğurlar arzulayıram.
Yanvar ayından bu yana bizim məşq etmək üçün bu qədər vaxtımız olmamışdı. Komandanı daha yaxşı bərpa etməyə 8 gün vaxtımız var idi. Bu gün göründü ki, həmin mikro tsikldən yararlana bilmişik. Futbolçular 90 dəqiqə ərzində meydanda gücü, sürəti qoruyub-saxlaya bildilər”.
Qurban Qurbanov son 4 oyunda meydana çıxmamış Kevin Medinanın komandanı tərk edəcəyi barədə ehtimalları da cavablandırıb:
“Medinanın 4 oyundur oynamaması o demək deyil ki, onun oyunundan razı deyiləm. Mateus Silva özünü yaxşı göstərdiyi üçün ona daha çox şans vermək istəyirəm. Müqaviləsinin müddəti bitmir. Səhv etmirəmsə, hələ bizimlə 2 illik sözləşməsi var. Qarşıdakı oyunlarda ona şans verməyə çalışacağıq.
Abbasın ikinci zədəsi olmuşdu. Artıq komanda ilə məşqlərə başlayıb. Çox yüklənən əzələsində problem var idi. Onu birdən-birə oyuna buraxmaq riskdir. Qarşıdakı oyunlarda yavaş-yavaş şans veriləcək”.
Qurban Qurbanov Nəriman Axundzadənin də çıxışına qiymət verdi:
“Nəriman son vaxtlar yaxşı mənada dəyişib. Bir müddət əvvəl öz idman formasından uzaq idi. Bizim daim diskussiyamız olur. Daha yaxşı, işgüzar olmalıdır. Tək Nəriman yox, hər biri. Futbola bir az sevgin, həvəsin azaldısa, oynamağa ehtiyac yoxdur. Çünki tələblər çoxdur. Nərimandan tam razı deyiləm. Öz üzərində daha çox çalışsa, futbolu daha çox düşünsə, potensialı daha yüksəkdir. 11-12 qol yox, bu gün bombardirlər sırasında olmalı idi. Həm də olmağa borcludur”, deyə Qurban Qurbanov bildirib.
“Qarabağ”a uduzmaq o demək deyil ki, biz avrokuboklara layiq deyilik”
“Neftçi”nin baş məşqçisi Samir Abasov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Qol vurmaq üçün imkanlarımız oldu. Qapının içindən də vura bilmədik. Rəqibin fürsətləri bizdən daha çox idi. Əsas məsələ niyə qol buraxmağımızdır. Hər oyunda davam edən proseslərdir. Heyətdə həddindən artıq rotasiyalara əl atmışdıq. Bu da məlum məsələdir. Kuboku düşünürdük. Zədələr böyük problemə çevrilib. Oyuna yaxşı başlamışdıq. Bu mövsüm başımızın bəlası fərdi səhvlərdir. Bu da ard-arda qollara gətirib çıxardı. Belə şeylər futbolda olur.
Bizi, “Neftçi”ni istəyən insanları anlamaq olar. Fərqi yoxdur 3-4 gündən sonra kubok matçı oynayırsan, heyətində zədəlilər var. Bu, derbidir və qalib gəlməlisən. Onları başa düşürəm. Cavab olaraq, söz tapa bilmirəm.
Oynadığı pis oyunlardan sonra özünə gələ bilmir. Biz onu pis oynadığına görə silməmişik. Son vaxtlar Muradı məşqlərdə tanıya bilmirik. Onu ümumiyyətlə silmək fikrimiz yoxdur. Düzünü desəm, Aleksin yerinə Muradı oyuna buraxmaq istəyirdim. Rəhman zədələndiyi üçün Elcan Əbilovu oyuna saldıq. Murad güvəndiyim futbolçudur.
Avrokuboklara getmək üçün şərt ancaq “Qarabağ”ı udmaqdırsa, məntiqi anlamıram. 4 oyunu da mənim üzərimə yıxmayın. Son oyunda “Qarabağ”a qarşı yaxşı oynamışdıq. “Qarabağ”a uduzmaq o demək deyil ki, biz avrokuboklara getməyə layiq deyilik”.