Qurban Qurbanov: “Belə olmasını istəməzdim”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 36-cı turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 2:2 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları dilə gətirib:

“Futbolçularımı təbrik edirəm. Neçə tur əvvəldən çempionluğu təmin etmələrinə baxmayaraq, kuboku bu gün alacaqlar. Hamı bunu gözləyir. Elə futbolçu var ki, ilk dəfə çempionluğu bayram edəcək, ilk dəfə bu hissi keçirəcək. Sakit matç alındı. Hər iki komandanın futbolçuları centlmensayağı oyun keçirdilər. Mənim üçün xoş oldu. Bəzən son görüşlərdə xoşagəlməz hadisələr olur. Belə olmasını istəməzdim. Elmar Baxşıyevə uğurlar arzulayıram”.

Baş məşqçi Azərbaycan kubokunun “Zirə” ilə final görüşü barədə də danışıb: “Futbolçular bəlkə də daha çox istirahət etmək istəyərdilər. Amma onlar peşəkardırlar. Titullarının sayını artırmaq arzusundadırıar. Hər il belə şans ələ düşmür ki, kubokun finalında oynasınlar. Bu, əlavə prestijdir. Bizi çox yaxşı mövsüm keçirən komandaya qarşı oyun gözləyir. “Zirə” çempionatın ikincisi oldu, yaxşı təcrübə topladı. Son matçlarda daha intizamlı çıxış edirlər, yaxşı müdafiə olunur, düşünülmüş hücumlar həyata keçirirlər. İnanıram ki, hamı üçün maraqlı oyun olacaq. İkinci dəfə “Zirə” ilə finalda qarşılaşacağıq. Hər iki komandanın oyunçularına yaxşı oyun və uğurlar arzulayıram”.

Qurban Qurbanov qazanılan növbəti çempionluğa da toxunub: “Hər mövsümdə üç turnir var. Çempionat, kubok, avrokuboklar. Hər üçündə düşündüyümüz kimi oynadıqsa, bizim üçün avantajdır. Əvvəlki çempionluqları daha aktiv qeyd etmişdik. İndiki çempionluq neçə tur əvvəldən rəsmiləşmişdi. Qarşıya qoyulan birinci məqsədimiz çempionluq idi. Bunu əldə etmişiksə, əvvəlki uğurlardan fərqi yoxdur. Çempionluqların sayını nə qədər artırsaq, həm klub, həm futbolçular üçün bir iz, avantaj olur. Çempion adı həmişə dəyərlidir”.

“Müqaviləmin müddəti 2 ay nəzərdə tutulmuşdu” – Elmar Baxşıyev

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə məhsuldar heç-heçə ilə bağlı bunları dilə gətirib:

“Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edir, digər klublarımıza avrokubok oyunlarında uğurlar arzulayıram. Mövsümün son oyunu azarkeşlər üçün maraqlı alındı. Biz də qalib gələ bilərdik, “Qarabağ” da uda bilərdi, amma yekunda heç-heçə qeydə alındı. Futbolçularımı təbrik edirəm”.

Baxşıyev Naxçıvan klubundakı gələcək taleyindən də söz açıb:

“Yaxın günlərdə klub rəhbərliyi ilə görüşümüz olacaq və yeni mövsümlə bağlı planlar müzakirə olunacaq. Müqavilənin müddəti 2 ay nəzərdə tutulmuşdu. Bu müddət komandanı tanımaq baxımından əhəmiyyətli idi. Halbuki rəhbərlik anlaşmanın müddətini 1 il etmək istəyirdi. Görüş zamanı müəyyən suallara aydınlıq gətiriləcək. Daha iddialı komanda qurmaq istəyirik. Arxada qalan mövsüm də göstərdi ki, ehtiyat oyunçular skamyamız bütöv deyildi. Ona görə də heyəti tam komplektləşdirmək vacibdir. Ümumiyyətlə, “Araz-Naxçıvan” layihəsi mənim üçün də maraqlıdır”.