Qurban Qurbanov: “Belə oyunlar il ərzində 1-2 dəfə olur”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla başa çatan oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Belə oyunlar il ərzində 1-2 dəfə olur. Kənardan oyun sönük görünürdü, sanki yuxu kimi idi. Amma 1 xal əldə etdik. Qalib gəlməmişiksə, bunda heç nə axtarmırıq.

Yaxşı futbol üçün yaxşı meydança vacibdir. Süni örtükdə topu düzgün ram etmək, sürətli oynamaq olmur. Müdafiədə oturan komandaya qarşı oynamaq üçün yaxşı meydança lazımdır. Bir neçə qol epizodu yaratsaq da, qələbə qazana bilmədik. Rəqib isə bir fürsətdən maksimum yararlandı. Futbolçularımız əziyyət çəkdi. “Keşlə”yə və Sənan Qurbanova uğurlar arzu edirəm.

Zubirin başla qol vurmağı yadıma gəlmir. Qoldan sonra sevinərək, mənə tərəf gəldilər. Bunun xüsusi bir səbəbi yoxdur”.

Qurban Qurbanov buraxılan qol epizodunda həm qapıçı Şahruddin Məhəmmədəliyevin, həm də müdafiəçi Maksim Medvedevin səhvi olduğunu etiraf edib: “Aralarında anlaşmazlıq oldu. Hər hansı səbəb axtarsaq, düz çıxmayacaq. Hər ikisini günalandırmaq olar. Meydança çox quru idi, top getmirdi. Qismətimizdə 1 xal var imiş”.

Baş məşqçi sabahdan Avropa Konfrans Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində qarşılaşacaqları Kipr “Omoniya”sına qarşı matça hazırlaşacaqlarını deyib: “Rəqib haqqında məlumatımız var. Komandanı yaxşı nəticə üçün hazırlayacağıq”.

Qurbanov Kipr səfərində təxribatla üzləşməyəcəklərinə inandığını vurğulayıb: “Bu barədə düşünmürəm. Çünki nəsə olacağına inanmıram. Əvvəllər bəzi olaylar baş verib. Yəqin, UEFA da ciddi xəbərdarlıq edib. Nəsə olsa, yerində reaksiya veriləcək”.

Təcrübəli mütəxəssisin zədəli Xayme Romeronun mövqeyində kimə şans verəcəyini müəyyənləşdirmədiyini əlavə edib: “Həmin mövqe ilə bağlı bir neçə variant var”.