Qurban Qurbanov: “Belə qələbələrin başqa dəyəri var”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbik edirəm. Çox vacib qalibiyyət əldə etdik. Xüsusən də, azlıqda qalanda futbolçuların, komandanın xarakteri üzə çıxır. Uduzmaq istəmirdilər. Bu, oyunun gedişində meydanda gedən mübarizədən görünürdü. Sonda qalibiyyət bizim oldu. 10 nəfərlə qələbə qazanmağımız da futbolun gözəlliklərindən biridir. Belə qalibiyyətlərin başqa dəyəri var. Bizim üçün hərtərəfli faydalı qarşılaşma oldu. Yaxşı futbol atmosferi olduğu üçün hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm”.

Qurban Qurbanov Kevin Medinanın komandasını azlıqda qoyduğu üçün cəzalanıb-cəzalanmayacağı ilə bağlı sualı da cəzalandırıb:

“Belə oyunlarda bu cür sərt hərəkətlər etmək olmaz. Sadəcə o dəqiqələrdə böyük ehtimalla əsəbiləşmişdi. “Neftçi” azarkeşləri Medinaya qarşı nalayiq ifadələr işlətmişdilər. O da təsir etdi. Amma hər bir halda, futbolçulara demişəm ki, oyunlarda belə hallar çox olur. Hər insan nə edirsə, özünə edir. Hamı fikirləşməlidir ki, futbol kollektiv oyunudur. Daha dəqiq, daha səlist oynamaq lazımdır. Medina öz cəzasını özü verdi. Neçə oyun buraxacaq, cəzalanacaq”.

“Neftçi”nin baş məşqçisi Samir Abasov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Məşqçinin dəyişikləri uğurlu olmaya bilər. Ötən oyunda Emil Səfərovla Ramil Şeydayev qol epizodu yaratdılar. Bu dəfə alınmadı. Filip Ozobiç və Ağadadaş Salyanski ayaqlarına zərbə aldıqları üçün ağrıları var idi. Hücumu gücləndirmək istədik. Bacarmadıq. Effekti görmədik. Futboldur da, bir dəfə tutar, bir dəfə tutmaz. Rəhman da, digərləri də fikirləşməlidilər ki, oyuna belə çıxmaq olmaz. Bacardığını qoymalısan ki, komandaya kömək edəsən.

Çox istəkli idik. Üç qələbədən sonra motivasiya yerində idi. Ajiotaj yaranmışdı. Azarkeşlərimə təşəkkür edirəm. Yaxşı ab-hava yaratmışdıq. Oyuna yaxşı başlamışdıq. “Neftçi” uzun müddətdir “Qarabağ”a qarşı belə oynamamışdı. Rəqib 10 nəfərlə qaldıqdan sonra biz də sanki rahatlaşdıq. “Qarabağ”a qarşı etdiyimiz həmişəki səhvi təkrarladıq. Əfsuslar olsun ki, azarkeşlərə qələbə qazandıra bilmədik. Önümüzə baxacağıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: