Uzun illərdir “Qarabağ”ı çalışdıran Qurban Qurbanov Türkiyənin “Beşiktaş” komandasının baş məşqçi postuna əsas namizəddir.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Beşiktaş”ı hazırda Portuqaliyadan olan Fernando Santos çalışdırır. Amma onun bu komandadan vaxtından öncə ayrılması gündəmdədir. Buna səbəb komandanın hazırda qeyri-sabit çıxış etməsidir. Xüsusilə də “qara qartallar”ın son turlarda ardıcıl məğlubiyyətlərlə üzləşməsi onun istefasını gündəmə gətirmişdi. Lakin son məlumatlara görə, rəhbərlik 69 yaşlı mütəxəssislə mövsümün sonunadək yola davam etmək qərarına gəlib. İstanbul təmsilçisi mövsümün sonunda ölkə kubokunu qazansa və ya Super Liqanı üçüncü sırada başa vursa, Santos komandada qalacaq. Əks halda tərəflər yayda yollarını ayıracaqlar.
Qeyd edək ki, Fernando Santosun “Beşiktaş”la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.
Bu arada İstanbul təmsilçisinin Santosla vidalaşağı halda, bu vəzifə üçün artıq bir neçə variantının olduğu bildirilir. Həmin siyahıya isə azərbaycanlı mütəxəssis başçılıq edir. İddiaya görə, “ağ-qaralar”ın idman direktoru Samet Aybaba bununla bağlı Qurbanovun özü ilə əlaqə saxlayıb. Aybaba həmkarından mövsümün sonunda Super Liqada işləmək istəyib-istəmədiyini soruşub.
“Beşiktaş” hazırda 46 xalla Super Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. İstanbul klubu kubokun yarımfinalında “Ankaragücü” ilə üz-üzə gələcək.
Xatırladaq ki, Qurban Qurbanov 2008-ci ilin iyul ayından “Qarabağ”a rəhbərlik edir. Bu komanda onun rəhbərliyi altında bütövlükdə 610 oyun keçirib, 356 qələbə qazanıb, 141 heç-heçə edib, 113 matçda məğlubiyyətə üzülüb. O, məşqçilik karyerası ərzində “Neftçi”yə və Azərbaycan milli komandasına da rəhbərlik edib.
Cari mövsümdə Avropa Liqasındakı uğurlu çıxışı sayəsində Avropada özündən söz etdirən Qurbanovun adı İtaliyanın “Latsio”, Almaniyanın “Union Berlin” klubları ilə də birgə hallanırdı.