“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”ə (Polşa) qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çox vacib oyundur. Belə matçları əvvəlki illərdə 3-4-cü mərhələdə keçirirdik. Bu dəfə isə ilk raunddaca layiqli komanda düşdü. Polşadakı matçda rəqibin gücünü hiss etdik”.
50 yaşlı mütəxəssis Poznan təmsilçisini daha yaxşı analiz etdiklərini bildirib: “Yaxşı komandaya qarşı oynayacağıq. İstənilən halda futbolçularıma güvənirəm. Sabah meydanda düşüncəli komanda olmalıyıq. Hamını sevindirməyə çalışacağıq”.
Qurban Qurbnaov transferlərlə bağlı suala indi cavab verə bilməyəcəyini söyləyib: “Bütün fikrimiz “Lex”lə oyundadır. Əlimizdəki futbolçulara inanıram”.
Təcrübəli baş məşqçi hər şeyi nəzərə aldıqlarını vurğulayıb: “Yeni sistemdə səfər qolu qaydası yoxdur. Çox istərdik ki, 90 dəqiqə ərzində hər şey bizim xeyrimizə olsun. İlk matçla müqayisədə heyətlə bağlı dəyişiklik ola bilər. Komandam yaxşı oyuna hazırdır. Biz futbolçu döyüşçülərik. İnanıram ki, əvvəlki aqressiyanı meydanda yenə göstərəcəyik”.
“Qarabağ”ın baş məşqçisi ilk oyundakı nəticəyə görə narahatlıq olmadığını bildirib: “Hər hansı basqı yoxdur. Əvvəl də belə hallarla üzləşmişik. Sadəcə, futbolçulara qarşı inamsızlıq mənə təsir edə bilər. İnanmıram ki, kiminsə bizə qarşı fərqli fikri olsun. Düşünürəm ki, hər kəs uğur qazanmağımız üçün çalışır. Əsas odur ki, futbolçular onlara qarşı inamsızlıq olduğunu hiss etməsinlər”.
Qurbanov azarkeşlərdən dəstək gözlədiyini söyləyib: “Azarkeş futbolun ən vacib hissəsidir. Futbolçulara motivasiya, inam, məsuliyyət verirlər. Onların sayının çox olması bizim üçün yaxşıdır. Stadionun tam dolmasını istərdim. Bilirik ki, 10 milyon bizim arxamızdadır. Hamısı qalib gəlməyimizi istəyir”.
Baş məşqçi heyətdəki itkilərə də toxunub: “Qara Qarayevdə narahatlıq var. Meydana çıxması sual altındadır. Bugünkü məşqdə onunla bağlı məsələyə aydınlıq gələcək”.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Lex” matçına saat 20:00-da start veriləcək. Poznandakı ilk oyunda “Qarabağ” 0:1 hesabıyla məğlub olub. Mərhələ keçmək üçün Azərbaycan çempionuna bu rəqibini ən azı 2 top fərqi ilə məğlub etmək lazımdır.
“Bakıya qələbə qazanmaq üçün gəlmişik” – “Lex”in baş məşqçisi
Polşanın “Lex” komandasının baş məşqçisi Con van den Brom da bu gün Bakıda jurnalistlər önünə çıxıb. Niderlandlı mütəxəssis bunları söyləyib:
“Burada olmaqdan məmnunam. Bakıdakı hava şəraiti xoşagələndir. Hamı günəşli havanı xoşlayır. Bunun bizə problem yaradacağını düşünmürəm. Çünki istənilən havada oynamağa öyrəşmişik. Ötən həftə Polşada da belə hava var idi”.
56 yaşlı mütəxəssis bildirib ki, “Rakov”a 0:2 hesabı ilə uduzduqları Polşa Super Kubokunun matçından sonra heyətlə bağlı müəyyən itkiləri var: “3 oyunçumuz sabahkı görüşdə meydana çıxmayacaq. Onları başqaları ilə əvəzləyəcəyik. İlk matçda çətinliklə də olsa, qalib gəldik. İnanıram ki, sabah da belə olacaq. Heyətdəki itkilərin bizə problem yaradacağını düşünmürəm”.
Baş məşqçinin sözlərinə görə, cavab görüşündə heç-heçə də onlar üçün qənaətbəxş nəticə sayılacaq: “Amma mən heç vaxt komandamı meydana bərabərlik üçün çıxarmamışam. Bakıya qələbə qazanmaq üçün gəlmişik”.


