Qurban Qurbanov: “Bodo Qlimt”i üstələmək üçün…”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda “Bodo Qlimt”ə qarşı keçirəcəkləri oyundan danışıb.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu sabah Avropa Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində Norveçdə “Bodo Qlmit”in qonağı olacaq.

Bu gün matçdan öncə hər iki komandanın baş məşqçilərinin iştirakı ilə mətbuat konfransları keçirilib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bunları söyləyib:

“Son vaxtlar qarşılaşdığımız rəqiblər arasında ən intizamlı komandaya qarşı oynayacağıq. Meydandakı bütün futbolçuları yerlidir. Norveç futbolunun son illər həm milli, həm də klub səviyyəsində nəticələri bu sahədə irəli getdiklərini göstərir. “Bodo Qlimt”in özünəməxsus oyun üslubu var. Bu rəqibi üstələmək üçün sabah bütün komponentlərdə diqqətli olmalıyıq. Həm meydança amili, həm nəticələri rəqibin üstün cəhətləridir. Buna baxmayaraq, futbolçularımızın uğurlu nəticə üçün əllərindən gələni edəcəklərinə inanıram”.

Mətbuat konfransına qatılmış “Qarabağ”ın müdafiəçi Bədavi Hüseynov da bu matça hazır olduqlarını söyləyib:

“Sabah bizi çətin oyun gözləyir. “Bodo Qlimt” həm müdafiədə, həm də hücumda balanslı komandadır, kompakt futbol oynayır. Başa düşürük ki, xalımız yoxdur. Vəziyyəti dəyişmək istəyirik. Sabah yaxşı oyun sərgiləməyə və ilk xallarımızı qazanmağa çalışacağıq”.

“Bodo Qlimt”in baş məşqçisi Kyetil Knutsen isə “Qarabağ”la oyundan öncəki mətbuat konfransında bunları dilə gətirib:

“Şəhərdə insanların nə danışdıqlarına qulaq asmırıq. Azarkeşlər sabah asan matç olacağını düçünsələr də, bu, belə deyil. “Qarabağ”ı qıymətləndirməmək olmaz. “Molde” ilə oyundan sonra daxili müzakirələr aparmışıq. Oradan müsbət tərəfləri özümüz üçün müəyyən etmişik. Amma “Qarabağ” başqa rəqibdir. Rəqibi yaxşı tanıyırıq. Avropada heç bir rəqibi qiymətləndirməmək olmaz. Komandaya inanmaq lazımdır. Əgər biz yaxşı oyunumuzu göstərə bilsək, Avropadakı çətin görüşlərdə belə uğur qazana bilərik”.

Qeyd edək ki, sabah Bodo şəhərində yerləşən “Aspmira” stadionunda keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.