Qurban Qurbanov: “Böyük nəticə üçün çətinliklərə dözməliyik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 8-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri ev oyununu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Azarkeşlər üçün gərgin, maraqlı oyun alındı. Çox vacib qalibiyyət idi. Çox yaxşı, istəkli, yüksək səviyyədə təşkilatlanmış komandaya qarşı oynayırdıq. Hər iki komandanın azarkeşlərinə təşəkkürümü bildirirəm”.

Baş məşqçi Avropa Liqasının həm 1-ci turunda “Tottenhem”lə keçirilən oyunu dəyərləndirib, həm də, “Malmö” ilə qarşıdakı matçla bağlı gözləntilərini bölüşüb: “Rəqibin “Tottenhem” və ya “Malmö” olmasından asılı olmayaraq, azarkeşlər bizdən qələbə gözləyirlər. Bu, bizə həm motivasiya verir, həm də həyəcan gətirir. Belə sıx qrafikdə komandanı optimal formada saxlamaq çox çətindir. Çox uzun, yorğun səfərimiz oldu. Bu da idmançının normal performansda qalması üçün böyük zərbədir. Bəlkə başqa çatışmazlıqlarımız ola bilər. Böyük nəticə üçün çətinliklərə dözməliyik. Çalışacağıq ki, komandanı “Malmö” ilə oyuna hazırlayaq. Yaxşı oyunla, yaxşı nəticə istəyirik”.

Qurban Qurbanov İnqilab Məmmədovdan niyə narazı qalıb?

Qurban Qurbanov oyun zamanı baş hakim İnqiliab Məmmədova niyə etiraz etdiyini də açıqlayıb:

“Hər epizod dayanırdı. Bəlkə kənardan başqa cür görürdüm. Hakimə heç nəyi sübut edə bilmərik. Sonda oyunun tempi qalxdı. Epizodlar var idi, saxlaya bilərdi, saxlamadı. Oyunun tempini aşağı salırdılar, etirazımı bildirdim. O da sağolsun, durmadan sarı vərəqə verdi, qəhrəmanlıq göstərdi. Futbol emosional oyundur. Azarkeş futbola istirahətə gəlir. Biri məşqçinin, biri hakimin hərəkətinə baxır. Hərə bir şeydən ləzzət alır. Səsimizi çıxaran kimi yanımızdadırlar. Hamısının xətrini çox istəyirəm. Daha da böyüsünlər, yaxşı hakimlik etsinlər. Fərqi yoxdur, Qurban, ya başqası. Bu cür epizodlara sarı, qırmızı verəcəksənsə, şəxsən mən tərəfdarı deyiləm. Bizə qarşı sərt oynayırlar. Bəzən buraxmaq da olar. İrad bildirdim. İnanın ki, epizod oldu qarşımda, cərimə zərbəsi var idi, biz etmişdik, amma vermədi. Daha da maraqlı oldu. Cəzamı verdi. Hakimlərə qarşı həmişə pozitiv olmuşam. Sadəcə istəyirəm ki, meydandakı oyun daha dinamik olsun. Biz Avropa futbolundan danışırıqsa, o sürətə dözmək istəyiriksə, burada oyun durmalı deyil. Daha da aktiv olmaq lazımdır. Görsək ki, çox futbolçuya xəsarət yetiriləsi epizoddur, heç nə demərəm. Bəzən məşqçilər emosiyalarını saxlaya bilmir”.

Renduliç də “Sabah”ın müdafiə xəttindən şikayətçidir

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Qarabağ”ı təbrik edirəm. Onlar bu gün qələbəyə layiq idilər. İlk 10 dəqiqədə oyuna kifayət qədər köklənə bilmədik və 2 qol buraxdıq. Ondan sonra hesabı bərabərləşdirmək çətin idi. İlk hissənin sonlarında qol vurduq. Bilirdim ki, ikinci hissədə qol şanslarımız olacaq. Təəssüf ki, iki əla fürsəti əldən verdik. Oyunçularımı təbrik edirəm. 0:3-dən sonra geridönüş etmək çətindir. Futbolçularım çox yaxşı oynadılar, çalışdılar ki, hesabı bərabərləşdirsinlər. Daha yaxşı nəticələr istəyiriksə, bu qədər qol buraxmamalıyıq. Fakt odur ki, müdafiədə yaxşı çıxış etmirik. Amma hücumda yaxşıyıq”.