“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 2:3 hesabıyla məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında bunları bunları söyləyib:
“Sabah”ı, Krunoslav Renduliçi təbrik edirəm. Məğlub olduq, bunu qəbul edirəm. Bəlkə də oyuna daha ciddi yanaşmalı idik. Deməzdim ki, məşqlərdə arxayınlıq var idi. Çox yaxşı məşqlərimiz oldu. “Sabah”da bu gün istək daha çox idi. Bəsit qollar buraxdıq. Belə oyunların bizə faydası olur. Hər bir halda məğlub olmuşuqsa, deməli bu gün yaxşı deyildik. Qarşıdakı oyunlara daha məsuliyyətli hazırlaşacağıq.
Bu il “Sabah”la bütün oyunlarımız maraqlı oldu. Amma bir rəqibdən bu qədər top buraxmaq olmaz. Bəlkə də “Sabah”la matçlar futbolçuların idman formasından uzaq olduğu perioda düşür. Amma hər bir halda mən bunu qəbul etmirəm. Daha diqqətli olmalıyıq. Azarkeşlərimiz də bizdən yaxşı oyun, qələbə gözləyir. Hər oyunda maksimum nəticə istəyirik”.
Qurban Qurbanov Premyer Liqanın formatının dəyişdiriləcəyi barədə xəbərlərə də münasibət bildirib:
“Böyük futbol ölkəsi olmaq üçün əvvəlcə komanda sayı artmalıdır. Buna ehtiyac var. Futbolu sevdirmək lazımdır. Bu gün oyunlarımıza 2000-3000 azarkeş gələndə sevinirik. Komanda sayı çox olsa, azarkeş də artacaq. Bunlar çox vacibdir. Amma bundan da vacibi keyfiyyətdir. Düzgün qərar verilməlidir. Çətinliklər həmişə olur. Gedişatda bunu düzəltmək olar. Yaxşı layihə qurulsa, futbolu canlandıra bilərik. Sabah 4-5 komanda çempionata gələcəksə, onların problemi olmayacaqsa, böyük məmnuniyyətlə buna razıyam. Niyə bizdə 16-18 komanda olmasın? Bir komandaya qarşı 4 dəfə oynamaq azarkeş üçün bəlkə də maraqlıdır. Amma bizim üçün maraqsızdır. Kuboku da nəzərə alsaq, 6 dəfə olur. Futbolçuların bir-birini görməkdən zəhlələri gedir”.
“Futbolçular “Qarabağ”a qarşı aslanlar kimi döyüşdülər”
“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç isə “Qarabağ” üzərindəki qələbəyə belə şərh verib:
“Futbolçularımı təbrik edirəm. Onların hər biri ilə fəxr edirəm. Bu gün möhtərəm mübarizə apardılar. Meydanda aslanlar kimi döyüşdülər. Belə davam etsək, hər komandaya qalib gələ bilərik. Bilirdik ki, “Qarabağ” çox yaxşı komandadır. Bu qələbəyə layiq idik. Bu gün qələbəni qeyd edib, sabahdan etibarən növbəti oyuna hazırlaşacağıq.
“Qarabağ” Azərbaycanın ən yaxşısıdır. İstəyirdik ki, xətlər arasında əlaqə sıx olsun. İlk 15-20 dəqiqədə bunu istədiyimiz kimi edə bilmədik. Mərkəzdə boşluq verdik. Rəqib də bundan istifadə edirdi. Amma sonradan düzgün oynamağa başladıq.
Deməzdim ki, “Qarabağ”ı məğlub etdiyimizə görə belə sevinirdik. Onları udduğumuza görə 5-6 xal vermirlər. Oyunçularımız bu gün mükəmməl çıxış etdilər. Buna görə belə sevindim”.