Qurban Qurbanov: “Bu gün sanki bir triller izlədik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ludoqorets”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi doğma meydanda 1:2 hesabıyla uduzduğu Bolqarıstan çempionuna səfərdə 7:2 hesabıyla qalib gələrək ÇL-in pley-off mərhələsinə yüksəlib.

Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında Qurbanov bunları söyləyib:

“Öncə futbolçuları təbrik edirəm. Oyunun gedişatından həzz alırdım. Bakıda da “Ludoqorets”in oyun üslubunu görmüşdük. Bizə xoş olmayan oyun tərzləri var idi. Bunun qarşısını almalıydıq. Startda hesabı açsaq da, sonra demək olar ki, heç nədən qapımızda standart vəziyyətdən iki qol gördük. Bəlkə də rəqibin ən üstün cəhəti olan əks hücumlarda bir qədər diqqətsiz olduq. Amma get-gedə oyunu ələ almağı bacardıq. Matçdan əvvəl də futbolçularla söhbətimiz olmuşdu ki, sona qədər soyuqqanlı və oyunun içində olmaq çox vacibdir”.

Qurbanov əvvəldən ümidsiz olmadığını qeyd edib: “Bakıdakı məğlubiyyətdən sonra da futbolçularıma fikrimi bildirmişdim ki, belə oyunlardan biz çox keçmişik. Vacib, gərgin oyunlar olub, rəqibin təzyiqinə dözmüşük. Hətta bildirmişdim ki, ola bilər bu matçda 120 dəqiqə dözmək lazım gələcək. Bunu bacarmalıyıq, psixoloji cəhətdən hazır olmalıyıq.

Azarkeşlərimizi, Azərbaycanımızı təbrik edirəm. Qalibiyyət öz yerində, amma ümumən bu cür oyunlar futbolçularımızı böyüdür, klub olaraq böyüyürük, daha xarakterli oluruq. Futbol daha da sevilir. Əsas da azarkeşlərdə adrenalin görəndə buna şad oluram. Bu gün sanki bir triller izlədik. Bu, həqiqətən mənim “Qarabağ”ım idi, Azərbaycanın “Qarabağ”ı idi”.

“Çox istərdim bu kollektiv ÇL-in qrupunda oynasın”

Qurban Qurbanov Çempionlar Liqasının pley-offunda qarşılaşacaqları Zaqreb “Dinamo”su haqda geniş məlumata malik olmadığını söyləyib: “Çünki bütün fikrimiz bu matçda idi. Məlum məsələdir ki, rəqib çox böyük təcrübəyə malikdir. Onları yaxından tanımaq üçün vaxtımız olacaq. Mərhələ keçdikcə daha ciddi, daha təcrübəli, daha dinamik, daha güclü rəqiblə üz-üzə gəlirsən. Buna hazır olmalıyıq. Bu oyunun sevincini tez bir zamanda klub olaraq yaddan çıxartmalıyıq. Qarşıdakı günlərdə növbəti matça hazır olmalıyıq. Pley-off təcrübəmiz var. Artıq üçüncü dəfədir bu mərhələyə yüksəlirik. Zədəlilərimiz bizə problem yaşada bilər. Belə matçlarda rotasiya etmək çox vacibdir. İnanıram ki, futbolçularım “Dinamo” ilə matça kimi hazır olacaqlar. Çox istərdim bu kollektiv ÇL-in qrupunda oynasın. Çünki çox əziyyət çəkən kollektivdir. Azarkeşlərimiz də qrup mərhələsini arzulayır. Amma bura qədər də böyük iş görmüşük. Əlimizdən gələni edəcəyik ki, azarkeşləri sevindirək. Onlar hər zaman bizə inanıblar, güvəniblər. Soyuq başla hazırlaşmalıyıq. Rəqibi daha yaxşı analiz etməliyik. Qarşımızda böyük futbol ölkəsinin təmsilçisi var”.