“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 22-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Sumqayıta böyük istək və ehtiyatla gəlirik. Rəqibimizin son 6 oyunda qələbəsi yox idi. Gözləyirdik ki, istəksiz olarlar. Amma ilk dəqiqələrdən əksini gördük. Sonadək yaxşı dinamika, istək oldu. “Sumqayıt”ın özəl azarkeşləri var. Oyuna maraq gətirdilər.
Əsas izləyicilərimizlə xal fərqinə baxmayaraq, futbolçularda rahatlaşma hiss etmirik. Daha da istəkli olur, ciddi hazırlaşırıq. Qarşıdakı oyunlarda da inanıram ki, belə halla rastlaşmarıq. Yaxşı idman forması yığırıqsa, onu qorumaq və daha da yaxşılaşdırmaq lazımdır”.
Qurban Qurbanov Azərbaycan millisinə rəhbərlik edən Canni De Byazinin yığma haqqında səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Bu, mənə aid olmayan məsələdir. Hər bir komanda, hər bir kollektivin daxili qaydaları var. Hərəsinin özünə cavabdeh olan insanlar var. Söhbətin içində deyiləm. Heç bir fikir bildirməyəcəyəm. Dəfələrlə futbolçularıma bildirmişəm ki, buradakından da intizamlı olsunlar. Onlara tam inanıram”.
“Hər şey ustalıq səviyyəsini göstərir”
“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa isə darmadağını belə şərh edib:
“Rəqibi təbrik edirəm. Belə təcrübəli və ustalıq səviyyəsi yüksək olan komandalarla oyunda yaratdığımız epizodlardan yararlanmaq lazımdır. Amma buna nail olmaq da çox çətindir. Hücuma çoxlu oyunçu ilə çıxmaq mövqe hücumu deməkdir. Bu isə hazırda istənilən baş məşqçi üçün çox çətindir. Bunun üçün ustalıq səviyyəsinin yüksək olması lazımdır, gərək top itirməyəsən. Üstəlik, futbolçularda inam olmalıdır. Lakin vəziyyət elə gətirib ki, belə hücumlar müdafiədən oynamağa məcbur edir. Ola bilər ki, hansısa oyunda müdafiədə səhv buraxmayaq, amma hazırda bu, çətindir.
“Qarabağ” ardıcıl 8 dəfə avrokubokların qrup mərhələsində çıxış edib. Bu, ustalıqdan irəli gəlir, sabitliyin göstəricisidir. İndi BATE, “Sumqayıt” və “Qarabağ” arasındakı oyunları müqayisə etmək düzgün olmaz. Amma hər şey ustalıq səviyyəsini göstərir”.
Baqa meydanda futbol ab-havası olduğunu bildirib: “Oyunun vaxtı da əlverişli idi. Son günlər Sumqayıtdakı isti hava da meydanın ot örtüyünün yaxşılaşmasına səbəb oldu. Bu rəqiblə oyunda belə ab-hava gözlənilən idi. Ona görə də bütün azarkeşlərə təşəkkür edirəm”.
O, Ağdam klubunun kapitanı Maksim Medvedevlə dostluq münasibətlərinin olduğunu söyləyib: “BATE – Qarabağ görüşlərində rastlaşmışıq. Yaxşı dost və yaxşı futbolçudur. Qara Qarayevdən isə oyun zamanı ayağında hiss etdiyi ağrıların vəziyyətini soruşdum”.


