“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-offunda “Braqa” ilə cavab oyunu ərəfəsində fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə 4:2 hesabıyla məğlub etdiyi Portuqaliya təmsilçisi ilə sabah doğma meydanda üz-üzə gələcək.
Ağdam təmsilçisinin çalışdırıcısı bu gün Bakıda baş tutan mətbuat konfransında cavab görüşündən gözləntilərini açıqlayıb:
“Çox vacib, dəyərli oyundur. Bu matç ətrafında çox danışmaq istəmirəm. Fikrimizi tam rəqibə yönəltmişik. İlk oyunun hesabı bizi aldatmamalıdır. Cavab qarşılaşmasında daha intizamlı oynamalıyıq. İnanıram ki, futbolçularımız soyuqqanlı olacaq və düzgün oynayacaqlar. Matçı yaxşı notda başa vurmaq istəyirik. Şans varsa, bundan istifadə etməyə çalışacağıq”.
Baş məşqçi “Braqa”dan da söz açıb: “Braqa” böyük klubdur. Azarkeşlərinin qələbə tələb etməsi gözləniləndir. Başqa cür ola bilməz. Çünki onların mərhələ keçmək şansı daha çox idi. “Braqa”nın gücünü bilirik. Onların keyfiyyətinə, bacarığına bələd idik. Qələbə qazanmağımız o demək deyil ki, biz onlardan üstünük. Futbolçulara hələ orada demişdim ki, Bakıdakı qarşılaşmada daha yaxşı oynamalıyıq ki, bu rəqibi üstələyək. “Braqa”nın rəqibə xoş olmayan oyun üslubu, böyük təcrübəsi var. İllərlə bu cür gərgin oyunlar keçiriblər, buna öyrəşiblər”.
Qurban Qurbanov bu cür uğurların Azərbaycan futboluna böyük kömək olacağına inanır: “Azərbaycan futbolunda belə durum yaranıb ki, Avropada istənilən uğur bizim üçün vacibdir. Stabil olmaq üçün belə uğurlara ehtiyacımız var. Pley-offda belə qalibiyyətlər futbolçuların, azarkeşlərin inamı üçün önəmlidir. Belə də futbol camiəsi böyüyür, birləşir. Futbol da bunsuz mümkün deyil. Mənim üçün daha vacib olan futbolu bu cür sevmək, inanmaqdır. Bunu ən böyük uğur adlandırmaq olar. Amma belə yanaşsaq, yerimizdə qala bilərik. Hər il bir addım irəli gedəndə həvəsli, inamlı oluruq. Təkcə azarkeşlər yox, dövlət orqanları da bu cür matçlara maraq göstərirlər. Bura həmişə böyük komandaların gəlməsini istəmişəm. Bu, bizə inamı artırar. İlk oyunda qalib gəlsək də, hələ mərhələ keçməmişik. Səfərdə qalib gələrək işimizin öhdəsindən gəlmişik. Ancaq bunu davam etdirmək istəyirik”.
“İşlər düzgün icra olunsa, gec-tez nəticə olacaq”
Təcrübəli mütəxəssis komandanın ildən-ilə daha yaxşı olmaq üçün çalışdığını sözlərinə əlavə edib: “Daxili çempionatda nə qədər yaxşı performans göstərsək, Avropa arenasında da bir o qədər uğurlu olarıq. Mövsümün əvvəlində “mütləq bu mərhələyə qədər irəliləməliyik” deyə tələb yox idi. Amma bacaracağımıza inam var idi. Mövsümün əvvəlində hədəf qrupa düşmək idi. Bura qədər gəlmişik, deməli, işimiz heç də pis getməyib. Bunu meydanda icra edənlər bacarıblar. Bunda ən çox pay futbolçularındır. Sabah da söz sahibi onlar olacaq. Birlik varsa, nəticəyə mütləq nə vaxtsa təsirini göstərir. İşlər düzgün icra olunsa, gec-tez nəticə olacaq. Düşünürəm ki, futbolçularım bundan da yaxşısını etməyə qadirdirlər”.
“Qarabağ”ın braziliyalı hücumçusu Olavio Juninyo da qarşıdakı matçdan öncə düşüncələrini jurnalistlərlə paylaşıb:
“İlk oyunun nəticəsinin “Braqa”nı təəccübləndirdiyini düşünmürəm. Çünki bizi tanıyırdılar, bu cür oynayacağımızı gözləyirdilər. Sabahkı görüş də maraqlı oyun olacaq. Rəqibimiz çox güclü komandadır. Matça ciddi hazırlaşmışıq. “Braqa” mövsümə başqa turnirdə başlamışdı, indi Avropa Liqasındadır. Bu da onların təhlükəli olduğunu göstərir. Doğma azarkeşlərimizin qarşısında oynamağımız önəmli amildir. “Braqa” yaxşı komandadır. Oyunun taleyini detallar həll edə bilər. Buna diqqət yetirməliyik. Doğma azarkeşlərimiz qarşısında oynamağımız üstünlükdür”.
Juninyo “Qarabağ”a qısa zamanda uyğunlaşdığını söyləyib: “Qarabağ” uzun illərdir avrokuboklarda iştirak edir, Avropa təcrübəsi var. Tez bir zamanda bura uyğunlaşdım. Bunda məşqçi amili, oturuşmuş komanda faktoru var. İnanıram ki, azarkeşləri sevindirəcəyik”.
O, rəqib komandanın Bakıya qələbə əzmi ilə gəlməsinə də münasibət bildirib: “Düşərgəmizdə ab-hava çox yaxşıdır. Futbolçularımız oyuna kökləniblər. Rəqib düşərgədəki bu cür açıqlamaların bizə təsir göstərəcəyinə inanmıram. İlk görüşdə inamlı qələbə qazandıq. Hər iki komanda üçün çətin oldu. Öz meydanımızda hər şeyin bizim üçün yaxşı nəticələnəcəyinə inanırıq. Avropa Liqasında istənilən nəticə gözləniləndir. İlk matçda qazanılan qələbə hələ heç nə demək deyil. Şansları bərabər dəyərləndirirəm”.
Qeyd edək ki, fevralın 22-də keçiriləcək “Qarabağ” – “Braqa” matçına saat 21:45-də start veriləcək.