“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 3:0 hesablı qələbəyə sevindikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi. Yaxşı oyun oynayaraq qələbə qazanmaq istəyirdik. Birinci hissədə tam razı qalmadım. İkinci hissədə daha düzgün oynadıq. Yaxşı atmosfer var idi. Bu stadionda həmişə yaxşı atmosfer olub. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, bu oyuna fərqli yanaşırlar. Samir Abbasova və “Neftçi”yə uğurlar arzulayıram”.
Qurban Qurbanov fasilədə əvəzlədiyi futbolçuların durumundan da söz açıb: “Julio Romao zədə aldı. Ağrısı çox idi. Durumu ciddi ola bilər. Sabah biləcəyik. Şiş çox idi. Elvinə gəldikdə, ikinci sarı vərəqəyə görə ehtiyat etdik. Çox sadə epizodda vərəqə aldı.
Leandro Andradeyə göstərilən sarı vərəqəyə gəlincə, onlar orada azarkeşlərə heç nə etmirdilər. Onlar həmişə bu cür şəkil çəkdirirlər. Dəfələrlə Andrade və Medina elə şəkil çəkdirib. Hakimə bildirdim ki, mümkün deyil ki, azarkeşlərə nəsə etsin. Özü də, kim-kim, Leandro. O, çox sakit insandır. Sanki Elçin Məsiyev də bunu qəbul etdi.
Nəriman Axundzadə və Musa Qurbanlı pis çıxış etmədilər. Nəriman qol vurdu, Musa da xeyli qol epizoduna girdi. Onların daha yaxşı olması üçün gərək oyun sayları çox olsun. Bizim qrafikimiz elədir ki, maksimum istifadə edə bilmirik. Belə sürətli oyunda ikisindən də razı qaldım”.
Samir Abasovdan 0:3-ə şərh
“Neftçi”nin baş məşqçisi Samir Abasov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Futbolçulara bir oyunla qiymət vermək istəmirəm. Görüləcək işimiz çoxdur, bu cür oyunlar da çox olacaq. Hədəflərimiz yüksəkdir. Ona doğru getməyə çalışacağıq. Bura gəlməmişdən əvvəl komandada ruh düşkünlüyü var idi. Görünməyən və bilmədiyiniz problemlər çoxdur. Futbolçularda inkişaf görünür. Əhval-ruhiyyə yaxşıya doğru gedir. Bu gün uduzduq, üzücüdür. Halbuki, yaxşı nəticəyə ümid çox idi. Atmosfer də yaxşı idi. Son ötürmələrdə, son nöqtəni qoymaqda çatışmazlıqlar var. Biz də əks-hücuma yaxşı çıxmağa çalışırdıq. Fasilədə bildirdiyim irad o idi ki, son nöqtədə ürəyini qoymalısan. Epizoda girə bilirdik. Əfsuslar olsun ki, son nöqtələri qoya bilmədik. Bu da sırf psixoloji durumla bağlıdır. Futbolçularım həmin anlarda rahat deyildi. Bu, məni narahat edirdi. Belə qol buraxmalı deyildik. İlk qoldan danışmaq istəmirəm. İkinci hissədə komanda kimi belə reaksiya verməli deyildik.
Avrokuboklara getməyə kubokda da şansımız var. Amma bu, o demək deyil ki, liqanı boşa verəcəyik. Dörd gündən sonra kubok matçımız var. Hər liqa oyunu bizi avrokuboklara daşıyacaq. Bu istəklə meydana çıxacağıq. Bu gün hesab məni üzdü. Bunu kənara atıb, kubokdan yapışası deyilik. Kubokdan yol asan görünə bilər. Amma kubok 1-2 oyundan ibarətdir. Sona qədər mübarizə aparacağıq”.



