Qurban Qurbanov: “Bu seriyanı qoruyub saxlamağa çalışacağıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Komandamı təbrik edirəm. Oyun daha asan ola bilərdi. Amma sonadək gərginlik qaldı. Motivasiyanı qoruyub saxlamağa çalışırıq. Texniki səhvlərimiz çox oldu. Hər bir halda xeyli sayda hücum qurduq, qol imkanlarımız çox oldu. Rəqibi də təbrik edirəm. Məğlub olsalar da, sonadək mübarizə apardılar.

Futbolçularımız ikinci hissədə yorulmuşdu. Bu səbəbdən Maksim Medvedevi əvəzlədik. Həm yorğun idi, həm də sarı vərəqəsi var idi. Patrik Andradeni də əvəzləmək istəyirdik. Amma sonradan fikrimizi dəyişdik. Rəqib meydana tam heyətlə çıxmışdı. Matçın gərgin keçəcəyi gözlənilirdi. 90 dəqiqə eyni tempdə saxlamaq asan deyil.

Qara Qarayevin ehtiyatda qalmasına gəlincə, Füzuli rayonunda səfərdə idi. Düşərgəyə gec qoşulmuşdu. Yoldan gəldiyi üçün ehtiyatda saxladıq.

“Ona deyiləcək söz yoxdur”

Komandanı qısa vaxtda “Kayrat”la matça hazırlamalıyıq. Rəqib tam fərqli oyun üslubu ilə çıxış edir. Bəlkə də dəyişiklik edəcəklər. Bu gün futbolçulardan hücum etmək tələb olunurdu. Sadəcə, dəqiqlik çatmırdı. Bu da istəkdən irəli gəlirdi. Bəzi epizodlarda topu düzgün ram etmək lazım gəlirdi. Amma bu istəyi görmək mənim üçün vacib idi. Bugünkü bəzi elementlər avrokubok matçında lazım olacaq. Rəqibi daha yaxşı təhlil etdikdən sonra daha dəqiq hazırlaşacağıq.

Hər oyuna ciddi hazırlaşırıq. Nəyisə bacarırıqsa, deməli, tələblərimiz daha çoxdur. Amma məğlubiyyət də qaçılmazdır. Sevindirici haldır ki, 15 oyundur uduzmuruq. Bunu qoruyub saxlamağa çalışacağıq. Belədə rəqiblər sənə qarşı daha yaxşı mübarizə aparırlar. Buna hazır olmalıyıq. Belə hallar dəfələrlə olub”.

Qurban Qurbanov qol vura bilmədiyi üçün tənqid olunan Ramil Şeydayevin çıxışına da münasibət bildirib: “Onun oyunundan razı qaldım. Qapıya doğru 4 zərbə vurdu ki, bununda 3-ü düşünülmüş idi. Sadəcə, dəqiqlik çatmadı. Özünü daha rahat hiss etsəydi, sonluq qolla nəticələnə bilərdi. Ona deyiləcək söz yoxdur. Onda hər şey yaxşılığa doğru gedir. Ramil burada olduğu müddətdə yalnız inkişaf edəcək. Özü də məsuliyyətlidir, daha çox məşq edir. Belə futbolçulara hər zaman ehtiyac var. Futbolçunun işə yanaşması, nizam-intizamı çox vacibdir. Çatışmayan cəhətlərini də yaxşılaşdıracağıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: