“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Çox vacib oyun idi. Bəzi futbolçularımız meydanda olmasa da, komandamın çıxışından razı qaldım. Azarkeşlərimizə isə təşəkkür edirəm.
Toral Bayramovun yoxluğunda Kevin Medinanın sol cinahda yer alması variantlardan biri idi. Bəzi futbolçuları lazım gəldikdə, müxtəlif mövqelərdə sınayırıq. Bəzən zədələr olduqda bunlardan yararlanırıq. Maksim Medvedevə isə bəzi tapşırıqlar verilmişdi. Ona görə o, cinahda çıxış etmədi. Bəzi detallar var idi, bunları burada xırdalamasaq yaxşıdır.
Bu dəfə məni Ramil Şeydayev və Musa Qurbanlının qol vurması yox, qələbə sevindirdi. Şeydayev artıq daha inamlı oynamağa başlayır. Onun istəyi və bizim tələblərimiz Ramilə daha da güc verir.
Qış transfer dönəminə hazırlq işimizin bir hissəsidir. Hər transfer pəncərəsində bir neçə oyunçu cəlb etməyə çalışırıq. Amma mövcud heyəti qorumaq da bizim üçün vacibdir.
Bu tempi qorumaq asan deyil. Hər oyunda qalib gəlmək istəyirsən. Qışda da çalışacağıq ki, heyətə bir neçə oyunçu cəlb edək. Yayda alınmayan variantların qışda baş tutmasını istərdik”.
Qurban Qurbanov “Neftçi” və “Qarabağ” azarkeşləri arasında son turlarda artan gərginlikdən də söz açıb: “Etik qaydalara əməl etməyi xoşlayıram. Düşünürəm ki, qarşıda daha maraqlı şüarlar eşidəcəyik. “Neftçi”nin baş məşqçisi Samir Abasov barədə fikirlərin olmamasının tərəfdarıyam. Get-gedə bir fikri təkrarlayanda dəyəri aşağı düşür. Özünə göstərilən qırmızı vərəqəyə görə belə deyib. Abasovla münasibətimiz çox yaxşıdır. Mənim barəmdə ona, onun barəsində isə mənə sual verilməməsi yaxşı olardı”.
“Artıq uduzmaqdan qorxmuruq”
Qurbanov 8 noyabr – Zəfər günü barədə də fikirlərini bölüşüb: “Bu zəfərə həddindən artıq sevindim. Torpaqlarımızın başqasının əlində olması bizə pis təsir edirdi. İtkilərimiz, şəhidlərimiz oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Nə qədər çox söz desək, onların qəhrəmanlıqlarını ifadə etməyə yetməz. Bu xalqın adı geri qayıtdı. Müzəffər Ordumuz, Ali Baş Komandanımızın uğuruna çox sevinirik. Bura gələndən hər zaman özümü narahat, komandamız üzərində təzyiq hiss etmişəm. Lakin bu gün mən çox rahatam, daha da ürəkli və istəkliyəm. Nə qədər qalib gəlsək də, çalışsaq da narahatlığımız var idi ki, torpaqlarımız düşmən əlindədir. O qədər düşünürdük ki… İndi isə uduzmaqdan qorxmuram. Futbol varsa, inkişaf var. Biz də özümüzü qalib hiss edirik. Bir il ərzində evimdə, ailəmdə, komandamda hər gün zəfərdən danışırıq. Daim Ordumuzun qəhrəmanlığını izləyirəm. Bunun qarşılığını verə bilmərik. Artıq övladlarımız dünyaya qəhrəman kimi gələcəklər. İndi özümüzdən danışmağa başlayacağıq. Ağdamın komandası olaraq, çalışmışıq ki, bu adı öz əxlaqımızla meydanda və meydandan kənarda layiqincə qoruyaq, hamıya nümunə olaq. Həqiqətən şadam ki, belə bir zəfər qazandıq. Rəhbərliyimizə təşəkkür edirəm ki, belə çətin dönəmdə klubumuzu qorudular. Artıq hamı qəbul edir ki, “Qarabağ – Azərbaycandır! Bütün xalqımızı təbrik edir, övladlarını itirən analarımıza təşəkkür edirəm ki, belə övlad yetişdiriblər”.


