Qurban Qurbanov: “Bunda hakimlərimiz özləri günahkardırlar”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 34-cü turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 4:3 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Maraqlı, bol qollu oyun oldu. “Turan Tovuz” da yaxşı performans göstərdi. Soyuq havada gəlib bizim yanımızda olan azarkeşlərə təşəkkür edirəm”.

AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyi Premyer Liqada cari mövsümün son iki turunun bəzi prinsipial oyunlarına VAR hakimi dəvət edib. Ağdam klubunun çalışdırıcısı bunun ürəyincə olmadığını açıqlayıb:

“Mən bunu heç xoş qarşılamadım. Hamımız öz sahəmizdə aktiv olmağa çalışmalıyıq. Səhvlər olur. VAR sisteminin nə dərəcədə qəliz olduğunu bilmirəm. Cavan kadrlardır, ola bilər ki, haradasa səhv edərlər. Bizim hakimimiz Əliyar Ağayev Yunanıstan çempionatında oyun idarə edir. Bizdən ora gedirlərsə, deməli, güvənirlər. Hakimlərimiz elə etməlidir ki, başqalarına şans verilməsin. Bundan hakimlər özləri günahkardırlar. Daha çox aktiv olmalıdırlar. Gələcəkdə imkan verməsinlər ki, əcnəbilər gəlsin”.

Qurban Qurbanov Ağdam klubundan ayrılmağa hazırlaşmadığını da bildirib: “Hələ komanda ilə bir illik müqaviləm var”.

“Mövsümü altıncı yerdə bitirmək istəyirik”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Bu gün xal qazanmaq istəyirdik. Buna köklənmişdik. Rəqibin çətin olduğunu bilirdik. Amma birinci hissədə qol epizodlarını dəyərləndirə bilmədik. Ona təəssüfləndik. Aleks Souza 2 epizodda səhv qərar verdi. İkinci hissəyə yaxşı başladıq. Qollar vurduq, geri dönüş etdik, önə keçdik. Sonra hesabı 3:3-ə gətirdik. Son dəqiqələrdə qol buraxmağımız bizi üzdü. Bu qollara bir az üzülürəm.

Bu il ən böyük çatışmazlığımız çox rahat qollar buraxmağımız oldu. Çox yaxşı qollar vurmuşuq. Bu gün qol sayında, səhv etmirəmsə, Premyer Liqada ikinci ən yaxşı komandayıq. Amma qol çox buraxmışıq. Deməli, bunun üzərimdə çox işləməliyik. Son oyunumuz qalıb. Azarkeşlərimizi sevindirməliyik. Məncə, bu il son 4 tura qədər həyəcanı yaşamışıq. Növbəti ildə bunu daha da artırmaq lazımdır.

Bu gün həqiqətən maraqlı oyun oldu. “Qarabağ” çempiondur. Biz də mövsümü altıncı yerdə bitirmək istəyirik. Son oyunda da bunun üçün çalışacağıq”.