“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 28-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:1 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Təkcə çempionluğa deyil, həm də oyunlarına görə. Necə başladıqsa, elə də bitirdik. Mövsüm ərzində sabit qalmaq önəmli idi. Futbolçularım istəkli idilər. Buna görə onlara təşəkkür düşür. Səbirsizliklə medalları gözləyirlər”.
50 yaşlı mütəxəssis hər uğurun onun üçün özəl olduğunu bildirib: “Uğur qazanmaq asan, onu qoruyub-saxlamaq isə çətindir. Bütün diqqətimiz növbəti mövsümə yönəlməlidir”.
Onun sözlərinə görə, kolumbiyalı müdafiəçi Kevin Medinanın Türkiyədən təklifləri var idi: “Onunla maraqlanırdılar. Amma bizimlə müqaviləni uzatdı. Özünün də burada qalmaq istəyi həddən artıq çoxdur. “Qarabağ” kollektivini və Bakını sevir. Elə bir problem görmürəm”.
Qurban Qurbanov ilk çempionluğunun daha yaddaqalan olduğunu söyləyib: “Məşqçi və futbolçu kimi də ilklər həmişə daha çox yaddaqalan olur. Mənim üçün bütün çempionluq dəyərlidir. Bu adı qoruyub saxlamaq çox vacibdir. Belədə qarşıdakı mövsüm daha önəmli olur”.
Samir Abasov: “Məqsədimizə nail olduq”
“Neftçi”nin baş məşqçisi Samir Abasov isə məğlubiyyətdən sonra bunları dilə gətirib:
“Rəqibi təbrik edirəm. Həm futbolçular, həm də məşqçilər ötən mövsüm bizi təbrik edirdilər. “Qarabağ” UEFA Konfrsans Liqasında bizi sevindirdi, həm də Premyer Liqada qalib oldu”.
44 yaşlı mütəxəssis gümüş medalları qarşılarına məqsəd qoyduqlarını və buna nail olduqlarını bildirib: “Bir neçə vacib oyunlara itkilərlə çıxmışdıq. Bu da bizə təsir edirdi. Paltardəyişmə otağında futbolçuları təbrik etdim. “Qarabağ” kimi təcrübəsi olan komanda bugünkü səhvləri bağışlamır. Cavan oyunçularımız bugünkü oyun üçün hələlik yetişməyiblər. Amma təcrübə yığacaqlar. Hamısını anlayıram. “Neftçi”ni təbrik edirəm, bu il ikinci yer pis nəticə deyil. Çətinliklərə baxmayaraq, oyunçularla olan yaxşı münasibətimiz bizi ikinci yerə daşıdı”.
Abasov futbolçularla münasibətinin pis olmadığını söyləyib: “Komandada qalıb-qalmayacağımı bilmirəm. Ötən mövsümkü heyəti qoruyub saxlaya bilmədik. Hər şeyin fiaskoya getməməsi üçün zövqlü oyunu kənəra atdıq. Komandanın pis oynamasının səbəbkarı mənəm. Bütün bunları bilərəkdən etdim ki, ikinci yeri tuta bilək”.
Baş məşqçi “ağ-qaralar”ın azarkeşləri barədə də danışıb: “Fanatlar hər zaman narazı olmalıdırlar. Çünki onlar birinci və avrokubokda uğurlu olmağı istəyirlər. Bu da onların haqqıdır. Tərəfdarların bəziləri ilə görüşüb danışmışam. Heç kim istəklərinə görə onları qınaya bilməz. Əsl fanat da belə olmalıdır”.


