“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının 3-cü mərhələsi çərçivəsində AEL-ə (Kipr) qarşı keçirdikləri cavab matçını şərh edib. Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı, azarkeşlərimizi təbrik edirəm. Son vaxtlar bu cür futbol həyəcanı yaşamamışdıq. Belə atmosfer üçün darıxmışdıq.
Yaxşı komandaya qarşı oynadıq. Özlərinə məxsus oyun üslübləri var. Səfərdəki bəzi səhvləri burada təkrarlamadıq. Oynamaq çətin idi. Meydançanın vəziyyəti də yaxşı deyildi. Amma şərtlər hər iki komanda üçün eyni idi. Futbolçularım diqqətli oynadılar. Onların döyüşməsindən razı qaldım. Vaxtımız azdır. Qarşıdakı matçlara hazırlaşmalıyıq. Düşünürəm ki, futbolçuların inkişafı üçün çox vacib qarşılaşma idi. Gənc futolçular belə görüşlərdə futbolun nə olduğunu dərk edirlər.
Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü pis olsa da, başqa stadion sifariş vermək çətin olar. Çünki vaxtımız elə də çox deyil. Bunun üçün nümayəndə gəlib baxmalıdır. “Azərsun Arena” yaxşıdır, amma orada oynaya bilmərik. Növbəti matçlaradək ot örtüyündə bəzi dəyişiklərin olacağına inanıram.
Filip Ozobiçin erkən əvəzləməsinin səbəbinə gəlincə, ilk oyundan əvvəl də rəqibin baş məşqçisi onu xüsusi fərqləndirmişdi. Ozobiçə qarşı olduqca diqqətli oynayırdılar. İlk hissədə çox güc sərf etdi və yoruldu. Ayağında ağrılar var idi. Hər zaman demişəm ki, bu cür matçların taleyini daha çox oyuna sonradan girən futbolçular həll edirlər.
Biz idman prinsipilərini əsas götürürük. Amma bəzən mətbuat konfransını maraqlı etmək üçün müxtəlif fikirlər səsləndiririk. Azarkeşlərimiz son dəqiqələrdə petarda yandırdıqları üçün cəza ala bilərlər. Düşünürəm ki, cəza bu qələbəyə dəyər. Futbolu gözəlləşdirən azarkeşlərdir. Bunları görəndə canlı futbolun nə olduğunu bilirsən. Azarkeşlər bəzən emosiyalarını cilovlaya bilmir. Bu da başadüşüləndir.
Kiprdəki qalmaqaldan sonra bizdə AEL-ə qarşı prinsipiallıq vardı. Məndə belə hallar əvvəllər də olub. Hətta bəzən daha sərt reaksiya vermişəm. İçimdə qalib gəlmək istəyi, prinsipiallıq çox idi. Amma hər zaman rəqibə hörmətlə yanaşmışam”.
Qurban Qurbanov mövcud heyətlə həm Premyer Liqada, həm də Konfrans Liqasında oynamağın çətin olacağını bildirib: “Çünki komanda tam formalaşmayıb. Müəyyən çətinliklərlə üzləşə bilərik. Amma getdikcə daha yaxşı olacağımıza inanırıq. Bir neçə oyunçu almağı mütləq düşünürük. Bu, hücumçu, yarımmüdafiəçi, hətta müdafiəçi də ola bilər.
Yeni transferlərdən Riçard Almeydanın təcrübəsi bizim üçün çox vacibdir. Onun neçə dəqiqə oynaması önəmli deyil. Əsas odur ki, onu meydana buraxanda arxayın oluram. Almeyda belə futbolçulardandır. Onun komandada olması yarımmüdafiənin mərkəzində çıxış edən futbolçuların daha az yorulmasına imkan verəcək. Almeyda güvəndiyim futbolçudur”.


