Qurban Qurbanov: “Ən layiqli cavab elə cənab prezident verib”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasında “Ayntraxt”a (Frankfurt) qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Almaniya təmsilçiləri bu gün ÇL-in Liqa mərhələsinin 7-ci turu çərçivəsində Bakıda qarşılaşıblar.

Ağdam klubu bu oyunda 3:2 hesablı qələbəyə sevinib. Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərimizi təbrik etmək istəyirəm. Həqiqətən bu qalibiyyət onların haqqı idi. Bütün oyunlarda bizimlə oldular. Bəlkə bizdən daha çox qalibiyyəti istəyən azarkeşlərimiz var idi. Onların duaları bizə böyük zəfər nəsib etdi. Futbolçularımı təbrik edirəm, çox əziyyət çəkdilər. Qələbə üçün təkcə istək, aqressiya yox, intizamlı oyun göstərdilər. Bəzi oyunlarda olmayan intizam bu gün var idi. Sona qədər intizamı pozmamaq, qələbəyə inanmaq necə olur, onu gördük. Futbolçularımız, azarkeşlərimiz və Azərbaycan futboluna adına çox sevindik”.

Təcrübəli mütəxəssis bu qələbənin möcüzə adlandırılmasına razılaşmadığını vurğulayıb:

“Möcüzə nəyə? Mən belə qələbələrə inanıram. Dünya təcrübəsində bunu görmüşük, hansı ki, zəif sayılan komandalar böyük komandalara qalib gəlir. Amma ümumən bu cür hallara inanıram. Antalyada hazırlıq oyunlarından sonra demişdim ki, futbolçularımdan çox razıyam. Sadəcə bir oyun da əlavə oynasaydıq, komanda daha optimal formada olardı. Vaxtımız az oldu. Bu gün rəqibə görə bir neçə xırda detallar əlavə etmişdik. Şükürlər olsun ki, alındı. Komandam yaxşı hazırlıq keçmişdi. Qələbə çox gözəl idi, 3 qol möhtəşəm oldu, amma bunu yaxşı oyunla və yaxşı hücumlarla əldə etmək mənim üçün sevindirici haldır. Daha sadə, daha sərbəst, daha güvənli, daha cəsarətli olmağa çalışdıq. “Ayaks”la oyundan sonra futbolçular çox üzgün idilər. Onu geridə qoyub, şansımızdan maksimum istifadə etmək haqda danışırdıq. Razı qaldığım öz oyun keyfiyyətimizi daha da yaxşılaşdırdıq”.

“Liverpul”la oyunda futbolçulardan tələb edəcəyəm ki…”

Qurban Qurbanov azarkeşlərin “Liverpul”u “Enfild Roud”da büdrətmək xəyalına da münasibət bildirib:

“Liverpula inamlı gedəcəyik. Heç bir komandaya o stadionda oynamaq asan deyil. İngiltərənin ən çılğın azarkeşləri olan klubudur. Həmin oyunda futbolçularımdan çəkinməyərək oynamağı tələb edəcəyəm. Böyük futbol dedikdə, elə bir nömrəli stadionlardan biri “Enfild Roud”dur. Ən davakar azarkeşləri ilə seçilib, Avropanın bütün şəhərlərində problem yaradıblar. Belə stadionda oynamaq futbolçularıma böüyk ləzzət verməlidir. Futbolçulardan bunu tələb edəcəyəm ki, minimum bugünkü oyunu qoruyub-saxlasınlar. Xeyirlisi Allahdan! Azarkeşlərimizin də bu oyundan həzz almasını istəyərdim. Cənab prezident də bizi təbrik edib. Sağ olsun, təşəkkür edirəm. Mən də cənab prezidenti və xalqımızı təbrik edirəm”.

Qurban Qurbanov qələbə qoluna imza atmış Bəhlul Mustafazadənin buraxılan qollarda səhvlərinin olmasına da münasibət bildirib:

“Futbol xətalar üzərində qurulmuş oyunudur, belə hallar olur. Əfsuslar olsun ki, ən çox xətaları müdafiəçilər edirlər. Bəhlulun da bəxti gətirməyib ki, müdafiəçi olub (gülür). Hamının başına belə hallar gəlir. “Ayntraxt”a vurduğu qola görə, bu günə qədər olan xətalarını bağışlamaq olar”. (gülür)

Qurban Qurbanov hakimin ədalətsiz qərarlarından çox danışmaq istəməyib:

“Məncə, əlavə şərhə ehtiyac yoxdur. Mən də o epizodda sizin kimi əsəbiləşdim, amma özümü tez ələ ala bildim (gülür). Normaldır, futbolda belə hallar olur. Çox geniş, çox ətraflı və çox düzgün cavabı elə cənab prezident bildirib. Ona bir daha təşəkkür edirəm”.

“Son vaxtlarda Elvini çox sıxırdım, çox danlayırdım”

Qurban Qurbanov ayrı-ayrı futbolçuların çıxışından və durumundan da söhbət açıb:

“Elvin Cəfərquliyev yorulduğu üçün dəyişdirilməsini istəyirdi. Mən də fərqli cavab verdim. Xoni Montiel daha artığına qadirdir. Bu cür oyunu 2 il ərzində ilk dəfə oynayırdı. Meydanda 81 dəqiqə oynadı. Özünü çox yaxşı göstərdi. Hiss olunurdu ki, o dinamikanı sona qədər saxlamağa hazır deyil. Amma xarakter hesabına özündə güc tapırdı. Əminəm ki, bizim çox futbolçumuz 2 günə bərpa olunacaqsa, Montieldə minimum 3 gün olacaq. Bu cür oyunlarda az olduğu üçün bərpasına daha çox vaxt lazım gələ bilər. Belə oyundan sonra hansısa çatışmazlıqdan danışmaq düzgün olmaz. Abdullah Zubir də ən vacib oyunçulardandır. O, komandada ən çox topla davranan oyunçudur. Elə oyunçu var ki, 40 dəfə topa toxunur, Zubir hər matçda 70-90 dəfə topla təmasda olur. Bu da topun bizdə nə qədər çox qalması deməkdir. Həm hücumda, həm də müdafiədə ondan razı qaldım. Meydanda ən hərəkətli oyunçulardandır.

Kadi Borges “Liverpul”la oyunda iştirak edəcəkmi? Böyük ehtimalla yox. Bir az ağrı var ayağında. Ona vaxt lazımdır.

Son vaxtlarda Elvini çox sıxırdım, çox danlayırdım. Bu gün mənə elə gəlir ki, Elvin ən intizamlı, ən təcrübəli oyunlarından biri və birincisi idi. Elvində müdafiədə səhvlər çox görmüşük, hücuma gedəndə müdafiəyə ləng qayıtdığını görmüşük. Ona deyirdim ki, bu kənardan bir az məsuliyyətsizlik kimi görünür. Bu gün onu tam təcrübəli futbolçu kimi gördüm. Onu başa düşürdüm. Sadəcə, gücünü düzgün bölüşdürə bilmirdi. O qədər cəsarətli hücuma gedir ki, hər qurulan hücumda iştirak edirdi. Bu gün demişdim ki, biz hələ tam hazır deyilik, gücümüzü düzgün bölüşdürməliyik. Məşqlərdə ondan razı idim, birinci hissədən sonra da fikrimi bildirmişdim. Yəqin görüb ki, ondan razıyam, gəlib məni qucaqlayıb”.

Qurban Qurbanov tərif istəmir

Sonda Qurban Qurbanov onun təriflənməsindən çox xoşlanmadığını da vurğulayıb:

“Allah hər zaman xalqımızı sevindirsin. İnanın ki, belə nə etmişəm deyə, fikrim yoxdur. Sadəcə, bir fikrim olub ki, azərbaycanlı olaraq üzərimə düşəni layiqli şəkildə yerinə yetirim. Hər birimizin üzərinə bir borc düşür və bunu yerinə yetirməliyik. Heç istəmərəm ki, məni tərifləsinlər. Bunu ürəkdən deyirəm. Mən sadəcə öz işimi görməyə çalışıram. Düzü, təndiq də etmələrini istəmərəm. Çünki insanıq, bilmirik ki, kimin hansı problemləri var. Bu gün siz bilmirsiz ki, mənim hansı problemlərim var, bəlkə mənim həyatda problemlərim var, ya futbolçularımın həyatında problem var, özümüzü bəzən tam motivasiya edə bilmirik. Tərif-tərif, sonda bəzən görürsən ki, insan işində, həyatda elə səhv edir ki, o təriflər hamısı qalır geridə. İstəmərəm ki, sabah belə hallar olsun. Öz xalqımı, millətimi çox istəyirəm. Sadəcə, tərif istəmirəm”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: