“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunda “Sabah”a qarşı keçirəcəkləri final oyunundan öncə fikirlərini paylaşıb.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis bu gün təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Hamı üçün çox vacib oyundur. Final görüşləri elədir ki, bütün klubların azarkeşləri bir yerə toplanır, bayram kimi olur. Bizim azarkeşlər bizə azarkeşlik edəcəklər, neytral azarkeşlər yaxşı futbola baxmağa gələcəklər. Komanda olaraq çalışacağıq ki, ən azından yaxşı oyun göstərək. Kubok da əlavə prestijdir. Çempion olmuşuq, amma istərdik ki, finalda yaxşı oyun göstərib, yaxşı nəticə göstərək.
“Sabah” yaxşı komandadır. Son vaxtlar çox iddialıdır, gələcək üçün çox böyük işlər görür. Çempionatda 5-ci olsalar da, komanda bəlkə bu yerə layiq deyildi. Potensialına və fərdi oyunçularına görə daha yuxarıda olmağa layiq idilər. Vasili Berezutski də demişdi ki, kubokda iddialıdırlar, bu turnirə kökləniblər. Çox möhkəm kollektivə qarşı oynayacağıq. Belə komandalara qarşı, belə final oyunları oynamaq xoşdur. Klub, futbolçular belə oyunlarda inkişaf edir. Hər iki komandaya uğurlar arzulayıram. Çalışacağıq ki, yaxşı oyun olsun”.
Qurban Qurbanov Vasili Berezutskinin gəlişindən sonra “Sabah”ı məğlub edə bilməmələrinə də münasibət bildirib:
“Bizə qarşı oyunlarda müdafiədə çox səliqəli oynayırlar, çox diqqətli olurlar. Fərdi keyfiyyətləri olan futbolçular çətinlik yaşadırlar. Bu gün liderik, çempionatın qalibi olmuşuq. Hər zaman bütün komandalar liderə qarşı daha istəkli olurlar. Özümüz də bunu keçmişik. Əvvəllər liderlərə qarşı oynayanda, avrokuboklarda daha böyük komandalara qarşı mübarizə aparanda, istər-istəməz motivasiyamız daha yuxarı olur, məsuliyyətimiz daha çox olur. “Sabah” bizimlə çox fərqi olmayan komandadır”.
Qurban Qurbanov Sumqayıtda oynamağın necə hiss olduğuna dair sualı da cavablandırıb:
“Sumqayıtda meydança yaxşıdır. Orada futbola böyük maraq olur. Bizim oyunlarımızda həmişə stadion dolu olub. 7-8 min azarkeşi görürük. Futbolçular üçün də orada oynamaq xoş olacaq”.
“Qarabağ”ın çalışdırıcısı penaltilərə ciddi hazırlaşmadıqlarını bildirib: “Hər bir halda, özləri bilmədən də şərait yaradırıq ki, hər futbolçu 1-2 penalti yerinə yetirsin”, deyə Qurban Qurbanov bildirib.
“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə də final matçından öncə keçirilmuş mətbuatı konfransında iştiirak edib. 28 yaşlı futbolçu yaxşı komandaya qarşı oynayacaqlarını bildirib:
“Bayram münasibətilə hamını təbrik edirəm. Bizə qarşı çox yaxşı təşkilatlanmış “Sabah” görəcəyik. Avropa Liqasına getmək və ilk titul baxımından vacib oyundur onlar üçün. Biz də titullarımızın sayını artırmaq istəyirik. Fikirləşirəm ki, çox yaxşı final görüşünə çıxacağıq”.
Qeyd edək ki, “Qarabağ”la “Sabah” arasında baş tutacaq final qarşılaşması sabah – mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Həlledici oyuna saat 19:00-da start veriləcək.


