Qurban Qurbanov: “Futbolçularım bu mövsüm çox əziyyət çəkdilər”

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun finalında “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı matçdan sonra baş tutan mətbuat konfransında əvvəlcə bunları söyləyib:

“Oyun barədə çox danışmayacam. Rəşadı və komandasını təbrik edirəm. Çox yaxşı mövsüm keçirdilər və layiqli final oyunu göstərdilər. Bütün incəliklərə qədər oyuna hazırlaşmışdılar. Başda rəhbərlik olmaqla bütün klubumuzu təbrik edirəm. Azarkeşləri təbrik edirəm.

Rəqib çox möhkəm mübarizə apardı. Futbolçularım da məhz qol buraxdıqdan sonra bir az ayıldı. Çempionluqdan sonra istər-istəməz tam hazırlaşmaq çətin olur. Ağır mövsüm keçirmişdilər. Bu oyun futbolçularımı silkələdi. Mövsümün ən maraqlı və mübarizəli oyunlarından bəlkə də birincisi oldu.

Penaltilərə hazırlaşmamışdıq. Ümumiyyətlə, buna hazırlaşmırıq. Amma ilboyu hər həftə futbolçular məşqdən sonra qalıb məşq edirlər. Ordan diqqətimdə saxlayıram. Psixoloji olaraq belə oyunlardan əvvəl futbolçuları penaltilərə kökləmək istəmirəm. İnanıram ki, qarşıdakı oyunlarda bu mərhələyə kimi gətirmərik”.

Qurban Qurbanov qarşıdakı planlarından da söz açıb: “İstirahət üçün çox az vaxtımız var. Çox istərdim ki, bütün futbolçularımın əvəzinə lazım olan işləri görüm, onlar dincəlsinlər. Amma milliyə gedəcəklər, çoxunun istirahətə vaxtı olmayacaq. Mən də yəqin 3-4 gün istirahət edə biləcəm.

Transferlərə gəlincə, hələ heç kimlə anlaşmamız yoxdur. Bir neçə futbolçu ilə danışıqlar gedir. Fərqli-fərqli mövqe oyunçularıdır. Komandadan kimlərin gedəcəyi də qarşıdakı iki gün ərzində konkretləşəcək”.

“Rəşad Sadıqovla qarşılaşmaq həm xoşdur, həm də çətin”

“Qarabağ” 5 ildən sonra “qızıl dubl” etməsinə toxunan təcrübəli mütəxəssis, son mövsümdəki uğurlarını belə şərh edib:

“Çox xoşdur. Belə final oyunları futbolçuların böyüməsi üçün faydalıdır. Həm çempionat, həm kubokda iddialı olmuşuq. İnşallah, bundan əl çəkməyəcəyik. 5 il sonra “qızıl dubl” etmək çox xoşdur. Azərbaycan kuboku başqa bir prestijdir. Hər bir futbolçu bunu əldə etmək istəyir.

Avropada əldə etdiyimiz uğurlardan da çox məmnunuq. Az nəticələrimiz olmayıb. Minimum əldə etdiyimizi qoruyub saxlamağa çalışırıq. Daha irəli getməyi, təbii ki, istəyirik. Bizdən asılı olmayan məsələlər var. Realist yanaşmaq lazımdır.

Futbolçularım bu mövsüm çox əziyyət çəkdilər. Elə oyunlar oldu ki, ustalığımız, bəlkə, rəqibdən aşağı oldu, amma istəyin hesabına qələbələr qazandıq. Dözdülər, ciddi yanaşdılar. İşə yanaşmalarına görə onlara 10 bal verərdim”.

Qurban Qurbanov sonda dostu olan Rəşad Sadıqovun komandasına qarşı oyunda hansı hissləri keçirdiyinə dair suala da cavab verib:

“Digər rəqiblərə qarşı 1 gün hazırlaşıramsa, Rəşada qarşı 2 gün hazırlaşıram. Hər oyun nəsə yeni bir düşüncəsi olur, məşqçiləri daha çox fikirləşməyə məcbur edir. Bu gün bütün xırda detallara toxunmuşdu, analiz etmişdi. Bu da onun bacarığı, böyüklüyü, peşəsinə olan sevgisidir. Bizim çox güclü dostluğumuz var. Amma bizi güclü dost edən belə işlərdə bir-birimizə güzəşt etməməyimizdir. Rəşad Sadıqova qarşı oynamaq nə qədər xoşdursa, ondan daha çox çətindir. Onun hər uğuruna sevinirəm. Qarşıda əldə edəcəyi uğurlar çoxdur”.