Qurban Qurbanov: “Futbolçularımız çox istəkli idilər”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri matçı şərh edib.

Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Pis oyun alınmadı. Temp sona qədər düşmədi. İlk hissədən sonra rəqib hesabda geri olsa da, yaxşı oyununu sona kimi saxladı. Rəqibə uğurlar arzu edirəm. Futbolçularımdan razı qaldım, çox istəkli idilər və düzgün oynamağa çalışırdılar.

Bizim bəzən 3-4 qolluq oyunlarımız olur, bəzən də qol vurmağa çətinlik çəkirik. Bu da rəqiblərin bizə qarşı daha diqqətli olmasından irəli gəlir. Qarşıda vacib oyunlarımız var. Onlara hazırlaşacağıq.

“Neftçi”yə məğlubiyyətdən sonrakı görüşlərdə daha diqqətli oynamağımızı başa düşmək olar. Bəzən belə oyunların, məğlubiyyətlərin müsbət təsiri olur. Bizim “Neftçi”yə kimi oyunlarımızda da məhsuldarlığımız pis deyildi. Sadəcə, bəzən belə derbilərdə düşünmədiyin nəticə olur və bu da futbolçulara psixoloji təsir edir. Bəlkə də, həmin məğlubiyyətin komandaya faydalı olduğunu mövsümün sonunda görəcəyik”.