“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri matçı şərh edib.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 4:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Daha önəmlisi isə komandanın ilk dəqiqələrdən tempi yüksəkdə saxlaması oldu. Oyundan razı qaldım. Hər şey düşündüyümüz kimi alındı. Bəzən daha istəkli olanda hər şey asan olur. Ramin Quliyevə uğurlar arzu edirəm. O, komandanın sükanı arxasına keçdikdən sonra oyunlarında müsbət dəyişiklik hiss olunur. Bir də stadionu qeyd etmək istərdim. Ot örtüyü möhtəşəm idi.
Penaltini niyə Mahir Emreli vurmadı? Futbolçuma bombardir olmalısan, demək düzgün deyil. Əsas komandanın qələbəsidir. Digər tərəfdən, bu, oyunçunun psixologiyasına mənfi təsir edə bilər. Qəbələdə də belə hal olmuşdu. Penalti ilə futbolçunu arxayınlaşdırmamalıyıq. Daha çox qol vurmasını istərdim. Amma qeyri-dəqiqlikləri olduğundan penaltini Maksim Medvedevə həvalə etdim. Onun “Legiya” ilə anlaşması barədə xəbərlərə gəlincə, belə bir şey olsaydı, biz də bilərdik. Hazırda əsas fikrimiz qarşıdakı matçlardadır. Hələ ki, tələsmir. Başqa variantları da var. Amma rəsmi təklif gəlməyib.
“Qarabağ” Felipe Rayanla maraqlanırmı? Hazırda 15-20 oyunçu ilə danışıq gedir. Rəsmi təklif yoxdur. Sadəcə, maraqlandığımız oyunçulardan biri ola bilər.
Tez-tez ortaya atılan “Torpaqlar işğal altında idi deyə, “Qarabağ”a diqqət ayrılırdı” fikri ilə razı deyiləm. Belə şey ola bilməz. Rəhbərlik komandaya bu qədər maliyyə ayırır, əziyyət çəkir. Torpaqlarımızın azad olunması “Qarabağ”a sevgini daha da artırmalıdır. Amma dediyim kimi, belə fikirlərə inanmıram. Niyə düşünürlər ki, “Qarabağ” zəifləyib? Transfer etmək asan deyil. Dünyada da belədir. Rəhbərlik belə bir fikrə heç vaxt düşməz. Hər zaman bu komandanı qoruyub saxlamaq istəyəcəklər. Abdulbari Gözəl hər zaman deyib ki, mən var olduğum müddətdə komandanı yaşadacağam. Çünki “Qarabağ” dəyərdir. Sponsor pul ayırmasa, komanda ayaqda qala bilməz. Ən çox gəlirimiz UEFA-dan gəlib. Amma komandanı saxlamaq heç də asan deyil. Xərclər böyükdür. Bizim ən çox qazancımız Çempionlar Liqasına vəsiqə qazananda olub. Avroliqada səfər oyunları zamanı da xərclər çox olur. Bəzən turnirdən gələn pul da çatmır. Mən hələ bütün detalları bilmirəm”.


