Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ağdam klubunun rəsmi saytına açıqlama verib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis Ukraynanın “Metallist 1925” komandasına qarşı keçirdikləri yoxlama oyunu barədə fikirlərini bildirib.
Azərbaycan çempionu bu oyunda 4:5 hesabıyla məğlub olub. Qurbanov matçla bağlı bunları söyləyib:
“Çox yaxşı oyun alındı. Hər iki komanda iki heyəti oynatdı. Futbolçularımız hələ optimal formadan uzaqdırlar. Rəqibin hazırlığı daha yaxşı görünürdü. Bizi daha sürətli oynamağa məcbur etdilər. Dinamik mübarizə oldu. Bu, onların üçüncü oyunu idi. Komandamızda həm yaxşı, həm də çatışmayan cəhətlər gördüm. Yaxşı cəhət o oldu ki, 5 qol buraxmağımıza baxmayaraq, futbolçular sona kimi mübarizədən əl çəkmədilər. Artıq qarşıdakı matçlara hazırlaşacağıq. Oyun quruculuğunda çatışmazlığımız var. Bunu qaydasına salmağa çalışacağıq. Ümumilikdə komandamdan razı qaldım”.
Qurban Qurbanov Avstriya toplanışının geridə qalan dönəmi barədə də fikirlərini bölüşüb: “Avstriyadakı ilk 5 günü yaxşı dəyərləndirirəm. Düzdür, futbolçularda biz az yorğunluq var idi, yüklənmə çox olmuşdu. Buna baxmayaraq, hamı həvəslə, məsuliyyətlə hazırlaşır. Bugünkü oyunun nəticəsindən razı qalmasam da, proqramımızın gedişatından məmnunam”.


