Qurban Qurbanov: “Həmişə sakit ola bilmərik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinalında “Araz-Naxçıvan”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 0:1 hesabıyla uduzduqları qarşılaşmadan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“O qədər də keyfiyyətli oyun olmadı. Kubok oyunları həmişə çempionat matçlarından fərqlənir. Cavab görüşünə hazırlaşacağıq. Həmin oyuna qədər kifayət qədər vaxtımız olacaq. “Araz-Naxçıvan”ı təbrik edirəm. Çox vuruşdular, qalib gəlmək üçün hər şey etdilər”.

Qurban Qurbanov bu matçda emosional olmasına, penalti epizodu səbəbindən planşeti qırmasına da toxunub. O, yerli komandalara məğlub olmağı bacarmadığı haqda fikrə də münasibət bildirib:

“Dəfələrlə məğlub olmuşam və özümü normal aparmışam. İnsanıq da, aqressiya olur. Ola bilər ki, epizod penalti idi. Deyirlər ki, penalti kosmosdan görünməlidir. Mən də istəyirəm ki, oyun daha sürətli, dinamik getsin. Oyunda pauza həddindən çox oldu. Hakim də öz ritmini itirir. Yerli komandalara məğlubiyyəti qəbul etməməyimlə bağlı fikri qəbul etmirəm. Əksinə, çox istəyərəm ki, hər komanda “Qarabağ”a qalib gəlsin və o klubun rəhbərliyində futbola sevgi daha da çox olsun, maraq böyüsün. Biz də insanıq, ömür boyu sakit ola bilmərik. Planşetə penalti epizoduna görə vurdum. Onu da gördünüz, gözdən qaçırmadınız”.

“Kubok oyunlarında bu qədər penalti vurmağımız sırf təsadüfdür”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Maraqlı oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Bilirdik ki, bizi bu matçda nə gözləyir. Komanda yaxşı iş ortaya qoydu. Qələbə qazandıq. Bu oyunu unudub qarşıdakı çempionat matçına hazırlaşacağıq.

Penaltı də oyunun bir elementidir. Hakim qərar qəbul edibsə, bu, müzakirə olunmur. Kubok oyunlarında bu qədər penalti vurmağımız sırf təsadüfdür.

Bu gün məğlub olsaydıq da, heç bir üstünlüyümüz, əskikliyimiz olmayacaqdı. Bilirik ki, kimə qarşı oynayırıq. “Qarabağ” reklama ehtiyacı olmayan komandadır. Çempionat oyununa köklənmək lazımdır. Vaxtı çatanda kubokun cavab matçını da düşünəcəyik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: