Qurban Qurbanov: “Hər kəs bizi mərhələni keçmiş kimi görür”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Arena.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin bu gün keçirilən püşkatmasında Ağdam klubunun da rəqibi bəlli olub.

“Qarabağ” “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllüttariq) cütünün qalibi ilə görüşəcək.

Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında püşklə bağlı bunları dilə gətirib:

“Bütün komandalarımıza uğurlar arzulayıram. Həm Avropa Liqası, həm Konfrans Liqasında oynayacaq Azərbaycan klublarının hər birinə uğurlu nəticələr arzu edirəm. İnanıram ki, bu il Azərbaycan futbolu üçün uğurlu olacaq. Bizim üçün 2-ci təsnifat mərhələsindəki görüşlər ən ciddi hazırlaşdığımız oyunlar olmalıdır. Çünki bu mərhələdən başlamaq bizim üçün yeni tanışlıqdır. Digər komandaların hazırlığı bizdən daha yaxşı ola bilər. Onlar iki rəsmi oyuna çıxacaqlar. Bu, böyük təcrübədir. İlk matça hazır olmaq üçün maksimum çalışacaq və işimizi düzgün quracağıq.

“Linkoln” bizə tanış rəqib olsa da, futbol elə səviyyəyə çatıb ki, istənilən komandanın uğurlu nəticə əldə etməsi mümkündür. Hamı fikirləşir ki, çox yaxşı, uğurlu püşk olub və bizi mərhələni keçmiş kimi görürlər. Belə fikirlər futbolçulara təsir edə bilər. Psixoloji tərəfdən tam hazır olmağa çalışmalıyıq. Futbolçularım peşəkardırlar, məsələnin məsuliyyətini anlayırlar və qarşıdakı günlərdən maksimum düzgün yararlanacağıq. Uğurlu nəticə əldə etmək istəyirik”.

Xatırladaq ki, “Qarabağ” “Hamrun Spartans” – “Linkoln” cütünün qalibi ilə iyulun 23-24-də səfərdə, cavab görüşünü isə ayın 30-31-də evdə keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: