“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 17-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 5:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Öncə Vaqif Cavadova uğurlar arzulayıram. Onu burada görmək çox xoş oldu. Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. Zədəlilərimiz çoxdur. Müdafiədə çatışmazlıqlarımız var idi. Bu gün Bədavi Hüseynov da əzələsində ağrı hiss etdi. Futbolçularımızı istirahətə sağlam buraxmaq istəyirik. Amma əfsuslar olsun ki, tam alınmır. Bu, məni bir az narahat edir. Xeyli rotasiyalar, yerdəyişmələr etdik. Səhvlərimiz yenə var. Eyni oyunçular eyni mövqe səhvləri edir. Bu da yorğunluqla bağlıdır. İlin sonudur, yəqin çoxu istirahət haqda düşünür. Azarkeşlərimizə təşəkkür edirəm. Bu soyuq havada bizimlə oldular.
Oyun tərzinə baxanda hazırda müdafiəçilərin içində ən uyğunu Toral Bayramovdur. Təki digərləri sağlam olsun və belə bir ehtiyacımız olmasın. Toralın hücumu başlamaq qabiliyyəti var, onun ötürmələri daha dəqiqdir. Lazım olduqda onu orada istifadə edə bilərik”.
Qurban Qurbanov bütün mərkəz müdafiəçiləri zədəli olan Ağdam klubunun qışda bu mövqeyə yeni oyunçu alıb-almayacağı barədə suala belə cavab verib:
“Hər mövqe üçün axtarışlar gedir. Mərkəz müdafiəçisi mövqeyi üçün də ciddi axtarışdayıq. Maraqlandığım futbolçular var”.
“Yaya kimi bu futbolçularla davam etməliyik”
“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Ümid edirəm ki, oyun haqda danışanda məni yaxşı başa düşəcəksiz. Çox yaxşı komandaya qarşı oynadıq. Rəqibi təbrik edirəm. Bu, bizim üçün bir təcrübədir. Yuxarı pillələr uğrunda oynamaq üçün daha çox işləmək lazımdır. Məğlubiyyətə baxmayaraq, komandamdan razıyam. Fərdi səhvlər oldu. Bu, futboldur. Rəqib çox üstün idi. Ümid edirəm ki, bu səhvlərdən nəticə çıxaracağıq. Qarşıda “Kəpəz”lə çətin səfər oyunu var. Yaxşı hazırlaşmalıyıq.
Müqaviləmin şərtlərindən heç mənim də xəbərim yoxdur. Mən öz işimi görürəm. Komanda uda da bilər, uduza da bilər. Bu gün bizim günümüz deyildi. İnanıram ki, növbəti matçlarda daha yaxşı olacağıq. Bu gün heyətimizdə 13 legioner futbolçu var. Bir-iki dəyişiklik edə bilərik. Amma ümumi olaraq yaya kimi bu futbolçularla davam etməliyik”.


