“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 24-cü turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:1 hesabıyla başa çatmış oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Belə soyuq havada, xüsusən də, oyunun sonlarında sürəti artırdılar, dinamik futbol sərgilədilər. Dəqiqələr keçdikcə daha sürətli mübarizə oldu. Sanki hansısa komanda məğlub olsaydı, çox üzülərdi. Komandamdan razı qaldım. Bizi dəstəklədikləri üçün azarkeşlərimizə təşəkkür edirəm. Maraqlı oyun alındı. Murad Musayev “Sabah”ı çalışdıranda bu oyunlar daha maraqlı keçirdi”.
Hazırda Kurban Berdiyev (“Turan Tovuz”) və Vasili Berezitskinin (“Sabah”) çalışdırdığı komandalar “Qarabağ”a məğlub olmayıblar. “Bu fakta nəzər yetirmisinizmi” sualına Qurban Qurbanov belə cavab verib:
“Böyük təcrübə keçmiş məşqçilərdi. “Sabah”a yenə məğlub ola bilərdik. Bu, normaldır. Bəlkə daha yaxşı analiz ediblər… Biz də analiz edirik. “Qarabağ” həmişə qalib gəlməli deyil ki… Komandadan razıyam. İşimizi mövsümlük görürük. 7-8 futbolçunun müqaviləsinin müddəti bitir. Hələ vaxtımız var”.
“Qarabağ” kimi rəqiblə matçda heç-heçədən razıyam”
“Sabah”ın baş məşqçisi Vasili Berezutski isə heç-heçəyə belə şərh verib:
“Çox maraqlı oyun alındı. Hava şəraiti kəskin olsa da, hər iki tərəf qarşılıqlı hücumlar edirdi. “Qarabağ”ın da, sonlarda bizim də fürsətlərimiz oldu. Onları vursaydıq, qalib gələrdik. “Qarabağ” kimi rəqiblə matçda heç-heçədən razıyam.
Məşqlərdə bizim qədər hücumu sonlandırmasını işləyən komanda yoxdur. İnanıram ki, keyfiyyətə gətirib çıxaracağıq. Komandamın müdafiədən topla çıxmasından narazı qaldım. Qısa ötürmələr zamanı itkilərimiz oldu.
Kadi Borges çox keyfiyyətli oyunçudur. Rusiya Premyer Liqasında ən azından 10 komandanın heyətində start heyətində oynaya bilər”.