Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin “Haber Global” telekanalına açıqlama verib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının UEFA Çempionlar Liqasındakı uğurlarından sonra gördükləri maraqdan danışıb.
Qurbanovun sözlərinə görə, “Qarabağ”ın uğurlarının Avropa və Türkiyədə əks-səda doğurması klub üzvlərinə stimul verir:
“Biz əvvəlki illərdə çəkdiyimiz zəhmətin bəlkə də bu il daha çox bəhrəsini görürük. Futbol elə bir oyundur ki, hər il uğur əldə etmək olmur. Şükürlər olsun, bu il işimiz daha uğurlu alınar”, – deyə Qurban Qurbanov deyib.
17 ildir “Qarabağ”ı çalışdıran baş məşqçi klubdan ayrılmaq istəmədiyini də vurğulayıb:
“Bura mənim ikinci evimdir, bəlkə də birinci evimdir. Çünki mən burada daha çox vaxt keçirirəm, nəinki ailəmlə birgə oluram. Amma gələcəkdə hər şey ola bilər. Hazırda böyük bir kluba keçmək fikrim yoxdur”.
Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində altıncı pillədə qərarlaşıb. 2-ci turda Bakıda Danimarkanın “Kopenhagen” komandasını məğlub etmiş (2:0) “köhlən atlar” 1-ci turda da Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə üstələyib.


