Qurban Qurbanov: “Hazırlıq dönəmindən razı qaldım”

Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün “Zirə”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 4:2 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Yaxşı oyun oldu. Demək olar ki, hər bir futbolçuya şans verdik. Yaxşı sonluq oldu. Hər iki komanda üçün faydalı görüş alındı. Sakit, intizamlı oyun sərgilədik. Hazırlıq proqramımızın son oyunu idi. Ümumi hazırlıq dönəmindən razı qaldım. Futbolçular qarşıdakı aylarda idman formasını yığdıqdan sonra onlardan maksimum iş tələb edəcəyik. Həm zədəlilərə, həm bəzilərinin hazırlıqsız olmasına nəzər yetirsək, razıyam”.

Qurban Qurbanov əsas komandaya cəlb edilən gənc futbolçuların hazırlıq durumundan da bəhs edib: “Gənc futbolçularımız artıq neçə müddətdir ki, bizimlə məşq edirlər. Davud Mənsumovu üç aydır məşqlərə cəlb edirik. Amin Rzayevin isə 16 yaşı var və bir ilə yaxındır əsas komanda ilə birgə hazırlaşır. Onlar fiziki durumlarını yaxşılaşdırmaq üçün əlavə məşqlər edirlər. İntizamlı uşaqlardır, kollektivin içində yavaş-yavaş böyüyürlər”.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da bu oyundakı məğlubiyyətə aydınlıq gətirib:

“Bu oyunda futbolçuların çıxışından razı qaldıq. Yoxlama oyunu üçün maraqlı görüş oldu. Hər iki komandanın futbolçuları çox istəkli idilər. Həm oyun təcrübəsi baxımından, həm də yüklənmə baxımından yaxşı oyun oldu. Fikrimcə, futbolçularımız tam faydalana bildilər. Qarşıda altı gün vaxtımız var. “Araz-Naxçıvan”la görüşə qədər çalışacağıq ki, yaxşı formada olaq. Amma tam formaya düşmək üçün 3-4 rəsmi oyun keçirmək lazımdır”.