Qurban Qurbanov: “Hücum xətti üçün oyunçumuz azdır”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:1 hesabıyla qalib gəldikləri səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox vacib oyun oyunda vacib 3 xal qazandıq. Gərgin və maraqlı matç izlədik. Futbolçularımdan razı qaldım. Sarı vərəqələrlə bağlı diqqətli olmalarını demişdim. Ancaq bu, oyunun gərginliyindən irəli gələn məsələdir. Bəzi oyunçularımızın olmamasına rəğmən, dinamik oyun göstərdik.

“Qarabağ” nə vaxt pik formada olacaq? Bunun dəqiq zamanını deyə bilməyəcəyəm. Bizim düşünmədiyimiz hadisələr olur. Dəyişiklik etmək üçün hücum xəttində oyunçumuz azdır. Adama Diakabi və Yassin Benzya zədəlidir. Fikrimcə, çempionatın sonuna yaxın daha yaxşı komanda görə bilərik.

Bəli, son zamanlarda çox qol buraxırıq. Bunun əsas səbəblərindən biri bizim müdafiədə diqqətsiz olmağımızdır. Amma rəqiblərin hücumda yaxşı oynamağa başlaması da böyük rol oynayır. Artıq bütün komandalar hücumameyilli oynayırlar. Əvvəl bizə qarşı bütün komandalar sıx müdafiə olunurdular. İndi isə daha çox hücum edirlər”.

Qurban Qurbanov yarımmüdafiəçi Qara Qarayevin əsas heyətdə yerini itirdiyi barədə fikirlərə də münasibət bildirib: “Xeyr, onun əsas heyətdə yerini itirdiyini demək doğru olmaz. Qaranın əsas heyətdə oynadığı matçlar az olmayıb. Hər oyunçunun oynamaq ehtimalı var. Qarşıda da Qaranın əsas heyətdə oynadığı matçlar olacaq”.

“Qarabağ”ın çalışdırıcısı rəqib komandanın oyununa da qiymət verib: “Qəbələ” öz oyun üslübunu yaxşılaşdırıb. Onlar əks-hücumlarda təhlükəlidir. Xüsusilə də müdafiənin arxasına atılan toplarda çox təhlükəli olurlar. Bir neçə epizodda bunun şahidi də olduq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: