“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasında keçirəcəkləri ilk rəsmi oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı Cəbəllüttariqin “Linkoln” komandası ilə ilk oyununun hazırlığını davam etdirir.
Bu gün baş tutan KİV üçün açıq məşqdən öncə baş məşqçi Qurban Qurbanovun brifinqi keçirilib. Təcrübəli mütəxəssis qarşıdakı oyuna hazırlığı dəyərləndirib:
“Hazırlıq iki hissədən ibarət oldu. Əvvəl Bakıda, sonra Avstriyada toplanış keçdik. Hazırlıq yaxşı sonluqla, yoxlama matçları ilə başa çatdı. Futbolçuların hər birindən razı qaldım. Çox həvəslə, düzgün hazırlaşmağı bacardılar. Hər oyunçu iki matçda 90 dəqiqə meydanda oldu. Bir neçə görüşdən sonra komanda öz idman formasını tam qaytaracaq”.
Baş məşqçi rəqib komanda barədə fikirlərini də bildirib: “Linkoln”da dəyişikliklər var. Əsas heyətdə 5 yeni futbolçu oynadı. Oyun sistemlərini daha da yaxşılaşdırıblar. Onların hər iki matçında qırmızı vərəqə oldu. İkinci qarşılaşmada onlara lazım olan nəticəni 120 dəqiqə qoruya bildilər və penaltilərlə qalib gəldilər. “Linkoln” bərk komandadır, ev matçlarını süni örtüklü meydanda keçirirlər. Bizim üçün xoş olmayacaq. Ötən il də çətinliklə üzləşmişdik. Kənardan bu rəqibə asan qalib gələcəyimiz görünsə də, tam əksi oldu və çətinlik çəkdik. Oyuna tam motivasiya ilə ciddi hazırlaşacağıq. Bunu rəqib tələb edir”.
Qurban Qurbanov komandasındakı dəyişikliklərə də toxunub: “Şahruddin Məhəmmədəliyev komandaya gec qoşulduğu üçün tam hazır deyil. Fabiyan Buntiç yaxşı adaptasiya keçdi, hazırlığı pis deyil. Oyuna hazırlaşmaqla yanaşı transfer işlərini də davam etdiririk. Futbolçulara da baxırıq, klublarla da danışıqlar aparırıq. Uğurlu alınsa, hücum və müdafiə xəttinə yeni oyunçular istəyirik. Komandamız qarşıdakı matça lazım olduğu qədər hazırdır”.
“Kadi məsələsinə heç də üzülmədim”
Baş məşqçi Azərbaycanın digər klublarına avrokuboklarda uğur arzulayıb: “Avrokuboklarda çıxış edən bütün komandalarımıza uğurlar arzulayıram. Hər qələbə, hər keçilən mərhələ həm ölkə, həm klub reytinqi üçün vacibdir. Bu, azarkeşləri stadiona cəlb etmək baxımından da lazımdır. Komandalarımızın hamısına inanıram, güvənirəm. “Sumqayıt” və “Sabah”ın öz oyunu ilə uğurlu nəticə əldə edəcəyinə inanıram. “Zirə” də mərhələ keçməyin bir addımlığında idi. Klubların hər birindən qələbə və yaxşı oyun gözləyirəm”.
Təcrübəli mütəxəssis Kadi Borgesin “Qarabağ”a keçidinin alınmamasına da toxunub: “Krasnodar”ın mövqeyini normal qarşıladım. Baxmayaraq ki, xeyli danışıqlar getdi. Məncə, hər bir detala toxunmağa ehtiyac yoxdur. Sadəcə, belə hallar olur. Qarşıda bəlkə daha da fərqli hallar olacaq. Bəzən ortaya fərqli fikirlər çıxır. Dünya futbolunda da görürsən ki, hamı oyunçunun bir komandaya keçidini gözləyir, amma son anda keçid baş tutmur. Düzü, heç də üzülmədim. Hər bir şeydə xeyir var”.


