“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunun “Tottenhem”lə oyunu öncəsi fikirlərini paylaşıb.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu ilə İngiltərə təmsilçisi arasındakı oyun sabah Londonda baş tutacaq.
Bu gün İngiltərənin paytaxtında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və əlcəzairli yarımmüdafiəçi Yassin Benzyanın mətbuat konfransı təşkil olunub.
Təcrübəli mütəxəssis sabah baş tutacaq görüş barədə fikirlərini bildirib:
“Rəqib haqqında çox danışmağa ehtiyac yoxdur. Çünki dünyanın ən güclü çempionatında iştirak edən və həmişə liderlər sırasında yer alan komandaya qarşı oynayacağıq. Sabahkı oyuna hazırıq. Düzgün, səliqəli, intizamlı oynamağa çalışacağıq. Belə stadionda, bu cür azarkeşlər qarşısında oynamaq hər bir futbolçumuzun böyüməsi baxımından yaxşı təcrübədir. Futbolçularımız çox güc sərf edərək yaxşı oyun göstərməyə çalışacaqlar”.
Qurban Qurbanov Avropa Liqasının 2015/2016-cı il mövsümündə qarşılaşdıqları “Tottenhem”in həmin vaxtkı heyəti ilə hazırki kollektivini də müqayisə edib:
“Tottenhem”lə keçirdiyimiz oyun yadımdadır. Həmin vaxt da yaxşı heyətləri və güclü baş məşqçiləri var idi. Ancaq bu gün futbol daha dinamik və sürətli keçir. Xüsusən də, hazırkı baş məşqçiləri gəldikdən sonra “Tottenhem” İngiltərə Premyer Liqasının ən sürətli pressinq edən komandalarından birinə çevrilib. 2015-ci illə müqayisədə bugünkü “Tottenhem” tam fərqlidir”.
Yassin Benzya isə rəqibin güclü olmasına baxmayaraq, layiqli rəqabət aparacaqlarına inandığını söyləyib:
“Bura özümüzü yaxşı tərəfdən göstərmək üçün gəlmişik. İnanıram ki, bizim üçün yaxşı oyun olacaq”.
“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu da “Qarabağ”la oyundan əvvəl mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis “Qarabağ”la qarşılaşmada hücum futbolu oynayacaqları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
“Belə şeylərə güvənməyin. İngiltərə mətbuatına heç vaxt inanmayın. Biz öz oynumuzu nümayiş etdirəcəyik. Müəyyən oyun planımız var. Məncə, bu, bizim komanda kimi inkişafımıza kömək edib. Müxtəlif oyun üslubu olan rəqiblərlə qarşılaşmaq bu baxımdan çox faydalıdır. İstənilən halda öz oynumuzu göstərməlı, daha aqressiv çıxış etməliyik. Ümid edirəm ki, “Qarabağ”ın öhdəsindən gələcəyik”.
Qeyd edək ki, sabah “Tottenhem” stadionunda keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.