“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Hakken”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı səfərdə 1:0 hesablı qələbəyə sevindikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Vacib üç xal əldə etdik. Oyunçular matçı tam idarə edə bildilər. Azarkeşlərimizə də təşəkkür edirəm. Oyunumuz ümumən pis alınmadı. Rəqibin topla yaxşı davranan və sürətli oyunçuları var. Bəzi epizodlarda onları gözdən qaçırdıq. Amma get-gedə oyunu ələ ala bildik. Qalib gəlmək istəyiriksə, daha diqqətli və aktiv olmalıyıq. Futbolçular bəzi epizodlarda düzgün oynamadıqlarını başa düşdülər. Ümumi götürsək, oyundan razı qaldım”.
Baş məşqçi zədə alan futbolçuların durumundan da danışıb: “Bədavi Hüseynovun əzələsində ağrılar oldu. Özü əvəzlənməsini istədi. Ona görə Maksim Medvedevi meydana buraxdıq. Maksimin epizodu? Əslində, o epizod olmamalı idi. Bu, hər futbolçunun etməli olduğu işdir. Amma belə şeylər futbolçunun üstün keyfiyyətini göstərir və komandanın özünəinamını artırır.
Marko Veşoviç təxminən bir aya hazır olacaq. Hazırda o mövqedə Mateus oynayır. Onun komandaya faydası çoxdur. Tapşırıqları layiqincə yerinə yetirir. Bəzən böyük oyunlarda təcrübə vacibdir.
Bəhlul Mustafazadənin də ayağında sınıq var idi. Sağalması vaxt tələb edir”.
Qurban Qurbanov növbəti iki turda üz-üzə gələcəkləri Almaniya nəhəngi “Bayer”lə oyunlara da toxunub:
“Hər matçda daha ciddi olmalıyıq. Uğur əldə edirsənsə, rəqiblər sənə qarşı daha ciddi hazırlaşırlar. Həmişə güclü rəqiblərə qarşı oynamağımızı istəmişəm. Bu, həmişə bizə faydalı olacaq. “Bayer” də hazırda ən pik formasındadır. Öz oyun üslubumuzdan əl çəkməməyə çalışacağıq. Rəqibi tam yaxından analiz edəcəyik. Yaxşı oyun və mübarizə göstərmək niyyətindəyik”.