Qurban Qurbanov: “Kəpəz”lə matçda daha istəkli olmalıydıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Ağdam və Gəncə təmsilçiləri arasında bu gün “Azərsun Arena”da keçirilmiş oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azər Bağırova uğurlar arzulayıram. Məsuliyyətli işin altına girib. İlk oyununda göründü ki, meydanda tam başa kollektiv var. “Kəpəz”ə qarşı oynamaq rəqiblər üçün heç də asan olmayacaq.

Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandıq. Oyunun keyfiyyəti bir az aşağı idi. Meydança amili hər iki komandaya təsir edirdi. Daha istəkli olmalıydıq. Üç gün əvvəl “Kopenhagen”lə matçda meydanda olan futbolçulardan heç biri əsas heyətdə oynamırdı. Görünür, həmin oyunun atmosferi hələ tam getməyib. Bu gün 3 xal çox vacib idi”.

Qurban Qurbanov bu oyunda tempin aşağı olmasının yorğunluqla bağlı olduğunu istisna etməyib. O, milli komandaların oyunlarına görə yaranacaq fasilədə futbolçulara istirahət verəcəklərini də bildirib:

“Yorğunluq ola bilər. Oynamayan futbolçular ritmdən uzaq olurlar. Meydança amili də var idi. Topun yerlə getməsinə mane olurdu. Son vaxtlar meydança çox yüklənib. Həm “Turan Tovuz” ev oyunlarını burada keçirir, həm də U-19 komandamız UEFA Gənclər Liqasında burada oynadı. Növbəti matçlarda daha yaxşı olacaq. Avropadakı oyunun sürəti ilə buradakının arasında çox böyük fərq var. Futbolçulara 4 gün istirahət verəcəyik.

Millinin oyunlarına görə yaranacaq fasilənin xeyrimizə olub-olmayacağını demək çətindir. Bizdə bəzən kollektiv şəkildə istirahət çox vacib olur. Düzgün bərpanın, istirahətin komandaya faydası çox olur. Millinin oyunçuları ilə bağlı bir az problemlərimiz olacaq. Həm fiziki, həm psixoloji yorğunluq olur. Fikirləşəcəklər ki, komanda yoldaşlarım istirahət edir, mən isə məşq edirəm. Fiziki yorğunluğu necəsə aradan qaldırırıq. Bəzən bir oyunu qurban veririk. Məni həmişə ən çox narahat edən psixoloji yorğunluq olub. Proqram bütün komandalar üçün eynidir. Rəqiblərimizin oyunçuları da milli komandalara gedəcək. Bəlkə də fasilənin bizim üçün faydası var. İstər-istəməz biz belə tempə az öyrəşmişik”.

Azər Bağırov: “Çox işimiz var”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Qarabağ”la qarşılaşmağımıza baxmayaraq, uğursuz seriyaya son vermək istəyirdik. “Qarabağ”a Çempionlar Liqasında uğurlar arzulayıram. Uşaqlara təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Səhvləri minimuma endirməyə çalışmalıyıq. Azarkeşlərimiz, futbolçular, hamımız istəyirik ki, Gəncədə böyük futbol yaşasın. Nə bacarırıqsa, onu da edəcəyik. Əvvəlki oyunlara nisbətən bu gün daha çox emosiya və istək var idi. Bunu artırıb istəyimizə çatmaq istəyirik.

Məğlubiyyətlər futbolçularda psixoloji durumu aşağı salmışdı. Oyunçuların hər biri ilə ayrı-ayrılıqda danışmışıq, motivasiya vermişik. Bəlkə də bunun nəticəsidir.

Qarşıdakı fasilə dönəmində yoxlama oyunu keçirmək planımız var. Komandanın bütün oyunlarına baxmışıq. Həm fiziki durumla, həm də taktiki cəhətdən çox işimiz var. Yoxlama oyunu keçirməklə bağlı yaxın günlərdə qərar verəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaş: