Qurban Qurbanov: “Kadi Borgesə iradımı bildirdim”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 3-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Azlıqda qalsaq da, qalib gəlməyi bacardıq. Rəqib topla yaxşı oynamağı bacarır. Rəqibin qarşısını almaqda bəzən çətinliklər çəkirdik. Onlara uğurlar arzulayıram. Azarkeşlərimizə də bu havada bizi yalnız buraxmadıqları üçün minnətdarlığımı bildirirəm.

Kadi Borgesin qırmızı vərəqə aldığı epizoda gəlincə, bu, yolverilməzdir. Bizim futbolçular daim nizam-intizamı ilə seçilib. Əvvəlki “Tvente” ilə matçda fikrimcə, qırmızı vərəqə yox idi, lakin bu oyunda həmin epizodda var idi. Yüngül iradlarımı da Kadiyə bildirdim. Mən nə qədər onları sakitləşdirsəm də, “Tvente” ilə matçdan sonra psixoloji gərginlik var idi və bunun olması da normal bir haldır”.

Qurban Qurbanov avrokuboklarda mübarizəni dayandırdıqları üçün tənqidlərin artmasına da münasibət bildirib:

“Fikir ayrılıqları ola bilər. Hər şey qaydasındadır. Bizim bir vəzifəmiz var. Meydanda döyüşməliyik. Heç bir yazıya cavab vermək niyyətində deyiləm.

Komandanın yenidən tam hazır olması üçün bir az zaman lazımdır. Futbolçuların bir-birinə tam uyğunlaşması vaxt aparır. Oyundan-oyuna yaxşılığa doğru gedəcəyini düşünürəm. Yenilənməyə ehtiyac var. Təcrübəli mütəxəssis Aleks Ferqyuson deyirdi ki, bir komandanın yenilənməsi üçün ən azı 3-4 il lazımdır. Bizdə bu vəziyyət olmasa da, müəyyən zamandan sonra yaxşılığa doğru irəliləyiş olacaq”.

“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido isə komandasının 0:1 hesablı məğlubiyyətinə belə aydınlıq gətirib:

“Təbii ki, nəticədən razı qalmadım. Düşünürəm ki, rəqib azlıqda qalana qədər komandam yaxşı futbol göstərirdi. Lakin ondan sonra da bir neçə epizodumuz oldu. İkinci hissədə nəticəni dəyişməyə çalışdıq. Komandada buna istəyi gördüm. Razı qaldığım bir sıra məqamlar da oldu. Bura gəldiyim ilk gündən indiyə kimi oyun planında irəliləyiş hiss edirəm. Ümid edirəm ki komanda oyundan oyuna artıraraq istədiyimiz vəziyyətə gələcək”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: