“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü raundunda “Ludoqorets”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Bolqarıstan çempionları arasında bu gün Bakıda keçirilmiş ilk qarşılaşma “Ludoqorets”in 2:1 hesablı qələbəsiylə başa çatıb.
Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında komandasının məğlubiyyətinə belə şərh verib:
“Həqiqətən bərk komandaya qarşı oynadıq. Futbolçularım çox güc sərf etdilər. Çox sərt oynayan, fiziki özəllikləri yaxşı olan komandaya qarşı oynayırdıq. Bu, ilk hissə idi. İkinci hissə Bolqarıstanda olacaq. Səfərə qalib gəlmək üçün gedəcəyik. Lazım gəlsə, hansısa risklərə də gedəcəyik. Çempionlar Liqası oyunu olduğu hiss edilirdi. Qarşımızda təcrübəli, yaxşı komanda var idi. Futbolçularım inanırdılar. Qalib də gələ bilərdik, uduza da bilərdik. İlk oyunu uduzmuşuq. Heç nə bitməyib. Səfərdəki oyunda səliqəli, dəqiq oynamağa çalışacağıq. İnanıram ki, futbolçularım qarşıdakı günlərdə yaxşı hazırlaşacaqlar. Stadionda yaxşı ab-hava var idi. Buna görə azarkeşlərə təşəkkür edirəm.
90 dəqiqə bu cür rəqibə qarşı eyni tempdə oynaya bilmərik. Rəqibin öz oyun üslubu var. Bir neçə epizodda onların hücumun qarşısını ala bilmirdik. Evdə oynayırdıq, buna görə hücuma daha çox fikir verirdik.
“Ludoqorets”in oyunçularının fərdi keyfiyyəti yüksəkdir. Amma futbolçularımı onlardan zəif saymıram. Oyunçularıma daha çox güvənirəm. Rəqib 9 ildir ki, qruplarda oynayır. Belə oyunlara tam hazırlaşır. Mən rəqibi ciddiyə almışdım. Boşuna Macarıstana getməmişdim. İndi onları daha yaxından tanıdıq. Düşündüyümüz kimi alınsa, futbolçuları istədiyimiz kimi hazırlasaq, səfərdən yaxşı nəticə ilə dönəcəyik”.
“Yeni qapıçı almaq indi daha da aktuallaşıb”
Qurban Qurbanov hakim qərarlarından narazı qaldığını gizlətməyib:
“Hakim qərarlarından narazılıq edirdim. Bəlkə kənardan fərqli görürük. Rəqib çox sərt oynayırdı, sərt müdaxilələri var idi. Sonda bizi cəzalandırırdılar. Bir az rəqibə simpatiya hiss olunurdu”.
Baş məşqçi qapıçı Şahruddin Məhəmmədəliyevin zədələndiyini bəyan edib. Hansı ki, o, buna görə “Ludoqorets”lə ilk matçın iştirak ərizəsinə də salınmamışdı:
“Onun haqqında dəqiq məlumat qarşıdakı günlərdə veriləcək. Ola bilər ki, bərpa müddəti daha uzun çəksin. Əvvəl də demişdim ki, qapıçı transfer etməliyik, indi bu, daha da aktual oldu. Şahruddin zədələnməsə də, çox ciddi danışıqlar, axtarışlar gedirdi. Hələlik əldə olunan heç nə yoxdur. Ola bilər ki, tam razı qalmasaq da, bir qapıçı gətirək.
“Şanslar hələ də bərabərdir” – “Ludoqorets”in baş məşqçisi
“Ludoqorets”in baş məşqçisi Georgi Dermenciyev də matçdan sonra mətbuat konfransında iştirak edib. O, komandasının qələbəsi ilə bağlı bunları söyləyib:
“İlk oyunda qalib gəlsək də, şanslar yenə bərabərdir. Cütün taleyinə Razqraddakı görüşdə aydınlıq gələcək. “Qarabağ” daha çox hücum edirdi. Belə olanda da, bizim qol vurmağımız üçün imkanlar yaranırdı. “Qarabağ”ın çox futbolçusu hücuma gedirdi, müdafiədə boşluqlar yaranırdı. Rəqib açıq oyun sərgilədiyi üçün futbolçulara tapşırdım ki, bundan istifadə etsinlər.
Futbolçumuzun qırmızı vərəqə alaraq meydandan qovulması haqda ətraflı danışmaq istəmirəm. Çox məyusam ki, digər oyunçumuzun ayağı iki yerdən sınıb. İki futbolçunun olmaması bizim üçün böyük itkidir. Qərarı Bolqarıstandakı matçda verəcəyik. Hələ heç nə bitməyib. Bu oyunun davamı Razqradda olacaq. Cavab oyunu üçün strategiyamızı açıqlaya bilmərəm. Amma qalib gəlmək üçün ağıllı oynamaq lazımdır”.