Qurban Qurbanov: “Lex”ə qarşı yaxşı oyun göstərməliyik”

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Lex”ə qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün Poznanda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizi çox çətin oyun gözləyir. İlk dəqiqələrdən diqqətli olmalıyıq. Yaxşı oyun göstərməliyik. Sabahkı matça hazırlaşmaq üçün vaxtımız elə də çox olmadı. Buna baxmayaraq, komandada durum normaldır. Futbolçuların hamısı sağlamdır. Sadəcə, bir az zamana ehtiyacımız var. İstər-istəməz tam hazır ola bilmərik”.

Qurbanov 2020-ci ildə Polşada “Legiya”ya 3:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının pley-off mərhələsinin oyununu da xatırlayıb: “Həmin matça komandanı motivasiya etmək elə də asan deyildi. İstənilən səhv fikir mənfi təsir edə bilərdi. Futbolçular qarşıya qoyulan vəzifənin öhdəsindən gəldilər. Vətən müharibəsindəki zəfərdən sonra oyunçuları motivasiya etmək daha asandır. Bu gün isə komandanı oyuna başqa cür kökləmişik. Tarixi günləri tez-tez yada salırıq. Şükürlər olsun, halalca torpaqlarımız özümüzdədir”.

Baş məşqçi “Lex”in fərqli futbol sərgilədiyini söyləyib: “Legiya”ya qalib gəlsək də, həmin görüş asan keçməmişdi. “Lex” meydanda fərqli hücumlar sərgiləyir. Amma biz daha çox öz oyunumuz barədə düşünürük. Hər komandanın özünəməxsus oyun tərzi var. Çox çətin olacaq”.

Təcrübəli baş məşqçi şansların bərabər olduğunu vurğulayıb: “Heç vaxt favorit olduğumuzu deməmişəm. Hər zaman öz oyunumuza önəm vermişəm. “Lex” ilboyu avrokuboklar səviyyəsində matçlar keçirir. Çünki Polşa çempionatının səviyyəsi olduqca yüksəkdir. Bu matçda favorit yoxdur. Sadəcə, futbolçularımı sonadək mübarizə aparmağa kökləmişəm. Rəqibə hörmətlə yanaşıram. İş prinsipləri, oyunçuları ilə maraqlanmışam. Ona görə də kimisə zəif saymaq istəmirəm. Sabah iki yaxşı komanda mübarizə aparacaq. Nəticəni sonda görəcəyik”.

Qurban Qurbanov “Lex”in heyətində heç kimi fərqləndirmək istəmədiyini bildirib: “Adlarını bir-bir açıqlasam, düzgün çıxmaz. Hər biri ustalıq səviyyəsi və qol vurmaq qabiliyyəti yüksək olan futbolçulardır. Hamısına qarşı diqqətli olmalıyıq”.

“Qarabağ” da bizə hörmət etməlidir”

“Lex”in baş məşqçisi Con van den Brom isə doğma meydanda keçirəcəkləri matça ciddi hazırlaşdıqlarını bildirib:

“Çempionlar Liqasında zəif rəqib yoxdur. “Qarabağ”a hörmətlə yanaşmalıyıq. Həqiqətən çox yaxşı komandadır. Ötən mövsüm Konfrans Liqasında etdiklərini görmüşük. Eləcə də rəqib bizə hörmət etməlidir. Bütün futbolçular yaxşı formadadırlar. Azərbaycan çempionuna qarşı 2 oyun keçirəyik. Təbii ki, asan olmayacaq”.

“Lex”in kapitanı Mikael İshak da matçdan öncə baş tutan mətbuat konfransında fikirlərini bölüşüb:

“Çempionlar Liqasının təsnifat mərhələsində çıxış etdiyimiz üçün xoşbəxtik. Hər bir komanda belə turnirdə oynamaq istəyər. Avrokuboklarda çıxış edirsənsə, 2-3 gündən bir oynamağa hazır olmalısan. 2 il öncə bu halla üzləşmişik. Əlbəttə, çox çətindir. Amma bizim də təcrübəmiz çoxdur”.

Sabah Poznandakı eyniadlı arenada baş tuacaq “Lex” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Cavab qarşılaşması 1 həftə sonra Bakıda baş tutacaq.