Qurban Qurbanov: “Mən heç kimdən küsməmişəm”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 30-cu turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Hesabda öndə olsaq da, sona qədər oyunun tempini, dinamikasını qoruyub-saxladılar. Qapımızda qol gördük. Bu da rəqibin futbolçusunun ustalığı idi. Azarkeşlərə təşəkkür edirəm, daim komandanı oyuna səslədilər. Elvin Məmmədova da uğurlar arzulayıram.

Heç də az qol epizoduna girmədik. İstər-istəməz oyuna sonradan qoşulmaq asan deyil. Soyuq havada futbolçu bir az da ağır olur. Böyük hesab da var idi. Oyunçularımız çox istəkli idilər, dinamikanı daha da artırdılar”.

Qurban Qurbanov “Səbail”in ev oyunlarını keçirdiyi “Bayıl Arena”nın süni ot örtüyünü bəyənmədiyini də vurğulayıb:

“Süni meydançaya öyrəşməmişik və belə meydançada oynamaq istəmirik. Rəqibə baxsaq, ən çox zədəlilər “Səbail”də olur. Süni örtükdə oynayan digər komandalarda da həmçinin. Biz ildə bu cür meydançada 4 oyun keçiririk. Amma ev sahibi məşqlər edir, oyunlara çıxır. Çox istəyərdim ki, təbii ot örtüyündə məşq edib, oynasınlar.

Oyunlar olur ki, bəzən çox müdaxilə edirsən, bəzən sakit olursan. Heç kimdən küsməmişəm. Nə özümdən küsmüşəm, nə də futboldan. İşimiz oyunun gedişatına görə özümüzü idarə etməkdir”.

Qurban Qurbanov təqvimlə də bağlı fikirlərini paylaşıb:

“Yanvardan bu yana qədər, hətta son vaxtlar özüm hazırlıq proqramımızdan şikayətçi idim. Çünki normal məşq üçün vaxtımız yox idi. 4-5 gündən bir oyun keçirirdik. 8 günlük hazırlıq bizim üçün çox faydalı olacaq. Futbolçular istirahət edəcək, çatışmazlıqları da aradan qaldıracağıq. Qarşıdakı oyunlar üçün 8 günün faydası olacaq. Çalışacağıq ki, düzgün faydalanaq. Bu günə qədər məşq ritmini tuta bilmirdik.

Sıx qrafik olanda rotasiyalar edirik. Nə qədər imkanımız var, çalışacağıq ki, maksimum əsas heyətlə oynayaq. Əvvəlki oyunlarda 5-6 dəyişiklik görürdüksə, qarşıdakı matçlarda bunun sayı az ola bilər. Bu gün qalib gəlirdik, dəyişiklik edə bilirdik. Hər iki turnirə çox ciddi hazırlaşacağıq. Çünki bizi qarşıda avrokubok oyunları gözləyir. O matçlara qədər futbolçuların idman formasının aşağı düşməsinə imkan verməməliyik”.

“İşim asan deyil” – Qurban Qurbanov

Qurban Qurbanov Kevin Medinanın oynamamasına da aydınlıq gətirib:

“Mateus Silvanı oynatdım. Limiti də nəzərə almaq lazımdır. O mövqedə Mateus da özünü yaxşı tərəfdən göstərir. – Emmanuel Addaiyə gəlincə, onun performansından razı deyiləm”.

Qurban Qurbanov artıq 4-cü dəfə AFFA İcraiyyə Komitəsinin iclasında iştirak etməməsinin səbələrini də açıqlayıb:

“Sayını bilmirdim. Heç bir iclasa icazəsiz getmədiyim vaxt olmayıb. Bir gün əvvəl bildirmişəm. Hər birinə baxsaq, iclaslar oyun günümüzə düşüb. Bu gün komandanın məşqi də oldu. Dünən də bu barədə bildirmişdim. Çempionatda durumumuz yaxşı olsa da, işimizi daim ciddiyə alırıq. Oyun günü komandanın yanından ayrılmaq istəmirəm. Əvvəllər də söhbətim olmuşdu ki, işim asan deyil. Çox istəyərdim ki, hər iclasda iştirak edim. Amma bəzi üzrlü səbəblərə görə orada olmamışam. Qarşılıqlı da bir-birimizi anlamışıq”.

Qurban Qurbanov növbəti mövsümdən Premyer Liqa klublarına 3 yox, 2,5 milyon manat maliyyə vəsaitinin ayrılmasının mümkün təsirlərindən də söhbət açıb:

“Bu, bəzi klublara təsir edəcək. Hansı ki, həmin klubların 500 minə də ehtiyacı var. Bu məbləğ bəzi klublar üçün oyunçu deməkdir. Gərək əlavə sponsorlar tapsınlar. Tapmasalar, hansısa problemlər olacaq. İstəyərdik ki, daha artıq məbləğ olsun”.

“Rəhbərliyin dəstəyini hiss edirik” – Elvin Məmmədov

“Səbail”in məşqçisi Elvin Məmmədov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Qarabağ”ın gücü bəllidir. Uşaqlara təşəkkür edirəm ki, mübarizə apardılar. Çatışmazlıqları bilirik. Bundan sonrakı oyunlara hazırlaşıb, maksimum nəticələr əldə etmək istəyirik.

Rəhbərliyə təşəkkür edirəm ki, gənc yaşda bu şansı mənə verdilər. Mənim üçün təcrübədir. Sonranı bu dəqiqə fikirləşmək istəmirəm. Nə xeyirlidirsə, o da olsun. İndidən nəsə demək tezdir. Məşqçiliyə yeni başlayıramsa, Birinci Liqada da çalışaram, niyə də olmasın? Bu gün ambisiyalı danışmağın yeri də yoxdur. Çünki bu işə hələ yeni başlamışam. Futbolçu olmuşam, bu çətinlikləri futbolçu kimi də yaşamışam. Sevdiyim işdir. Çətindir. Klubda rəhbərlikdən dəstək var. Ümid sonda ölür. Qarşıda oyunlar var. Hər şey dəyişə bilər. Zaman lazımdır. Futbolda hər şey mümkündür. Birinci periodda da, indi də rəhbərlik yanımdadır. Onların dəstəyini hiss edirik. Hiss etdiriblər ki, buradayam.

“Qarabağ”a qarşı maksimum hazırlaşmışdıq. Yaxşı mübarizə aparırdıq. Uşaqlara demişdik ki, “Qarabağ” səhvi bağışlamır. Keçidləri möhtəşəmdir. Futbolda səhv qaçılmazdır. Demirəm udacaqdıq, amma yaxşı mübarizə gedirdi. Qollar oyunu sındırdı”.