Qurban Qurbanov: “Məqsədim məşqçi kimi davam etməkdir”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 6:1 hesabı ilə qələbə qazandıqları və çempionluğu təmin etdikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Adil Şükürova və komandasına uğurlar arzulayıram. Futbolçularımı təbrik edirəm. Bunu bacardılar. Həqiqətən belə uğurlar, belə çempionluqlar futbolçuları daha da peşəkarlaşdırır, məsuliyyət qazandırır. Şadam ki, bu kollektivlə yenə Azərbaycan çempionu olduq. Rəhbərliyimizi, kollektivimizi təbrik edirəm.

Paltardəyişmə otağında futbolçuları çempionluq münasibətilə təbrik etdim, xoş sözlər bildirdim. Onlara görə çox sevinirəm. Çünki yeni çempion olan futbolçularımız var idi. Çempionluğun sayını artıran futbolçular da oldu.

Bizim işimiz elədir ki, daim uğurun ardınca getməliyik, komandanı növbəti uğurlara hazırlamalıyıq. Bəzən böyük futbol ölkələrində də bir il Çempionlar Liqasını qazanan klub, sonrakı 2-3 il ərzində onu təkrarlaya bilmir. Futbolda dəyişikliklər tez-tez olur. Ölkə çempionatına gəldikdə, nə qədər gücümüz var, titulumuzu qoruyub-saxlamağa çalışırıq.

Çempion olsaq da, mövsümün qalan oyunlarına tam ciddi, məsuliyyətlə yanaşacağıq. Sadəcə, bəzi futbolçulara istirahət etmək üçün şərait yaradacağıq. 3-5 gündən söhbət gedir. Milliyə gedən oyunçular oldu. Fasilə zamanı bizimlə olanlara 5 gün istirahət verdik. Bunun faydası çox oldu. Çünki ehtiyac var idi. Milliyə yollanan oyunçulara şərait yaradacağıq ki, bu arada istirahət üçün vaxtları olsun. Mövsüm başa çatdıqdan sonra səhv etmirəmsə, yenə də millimizin bir oyunu var. Onların istirahət üçün vaxtı olmayacaq”.

Qurbanov yayda çempion heyəti qorumağa çalışacaqlarını bildirib:

“Heyəti qoruyub-saxlamağa çalışırıq. Amma bu, çətindir. Çalışacağıq ki, futbolçularımızı maksimum dərəcədə heyətdə saxlayaq. Bu komandanın potensialı var. Futbolçular daha yaxşı olmaq üçün potensiala sahibdirlər. Onların ustalıq səviyyəsini artırmağa çalışacağıq. Amma bəzən biz düşünmədiyimiz təkliflər olub. Ona görə də, bəzən futbolçularımızı saxlaya bilməmişik. Amma bizdən asılı olan nə varsa, maksimumu edəcəyik ki, bu kollektiv və bizə lazım olanların hamısı qalsın”.

“Bu, ən xoşlamadığım mövzudur”

“Qarabağ”ın baş məşqçisi Elvin Cəfərquliyev və Nəriman Axundzadənin son dövrlərdəki intizamsız davranışına dair suala da cavab verib:

“Futbolçularımın intizamsızlığı, onlar haqda fikirlər bildirilməsi ən xoşlamadığım mövzudur. Mənim üçün xoş deyil. Futbol aqressiv oyundur. Bəzən düşünmədiyin epizodlar, nəticələr olanda, xoşagəlməz hallar baş verir. Futbolçularıma dəfələrlə bildirmişəm və ən çox tələbim də budur ki, nə olursa-olsun, futbolçu özünü intizamlı aparmağı bacarmalıdır. Buna da məcburdurlar. Çünki futbol kollektiv oyundur. Bir yola çıxmışıqsa, sona qədər birlikdə qalmalıyıq. Bəzən düşünmədiyin, olmayan qırmızı vərəqə göstəriləndə, futbolçu özünü idarə edə bilmir. Bəli, Elvində aqressivlik, cığallıq var. Belə epizodlar, hallar qarşıdakı 3-4 ildə özünü yığışdırmağa kömək olur, faydası görünür. Elvin “Qarabağ”da da, millidə də özünü daha diqqətli aparmalıdır. İstər-istəməz o yaş dövründə, hardasa yolunu azmaq olur. Çalışacağıq ki, bir daha belə hallar olmasın. Nərimana gəldikdə, yazırlar ki, hansısa jurnalistlə diskussiyası düzgün alınmayıb. Nəriman elə uşaqdır ki, ondan kəlbətinlə söz çıxarmaq olur. O da belə hərəkət edibsə, demək ki, böyük səhv edib. Detalları bilmirəm, necə olub. Bəzən elə olub ki, baxmışam, amma görməmişəm və ona diqqət ayırmamışam. Sonda belə xəbər gəlib çıxıb ki, “Qurban müəllim diqqət ayırmadı”. Belə hallar olur. Amma bu o demək deyil ki, kiməsə diqqətsizlik və hörmətsizlik etmişik. Futbolçuların hamısı səhv edə bilər. Sadəcə, təkrarlamamaq lazımdır. Belə səhvlər olubsa, bir daha etməzlər”.

Qurbanov Əlcəzair yığmasının düşərgəsindən zədəli qayıtmış Yassin Benzyanın durumundan da söz açıb:

“Zədəsi tam ciddi deyil. Sabahdan komanda ilə məşqlərə başlamalıdır. Həkimlərin dediyinə görə, ciddi problem yoxdur”.

“Həmişə rəhbər vəzifələrindən uzaq olmuşam”

Qurban Qurbanov Azərbaycan milli komandasına mümkün təyinatı və AFFA İcraiyyə Komitəsinə üzvlüyünə dair suallara da cavab verib:

“İcraiyyə Komitəsinə namizədliyim verilib. Milli komandanın baş məşqçi postu üçün heç bir danışığımız olmayıb. Əvvəllər də mənə bu suallar verilib. Təklif olsaydı, müzakirəsi mümkün idi. Amma hamımızın da bildiyi və eşitdiyimiz qədər deyəsən, baş məşqçi xarici olmalıdır. Bəlkə də, bir ay əvvəl belə fikir var idi. Əfsuslar olsun ki, məsələ haqda bir fikir bildirə bilməyəcəyəm.

İnanmıram ki, mənə AFFA-nın vitse-prezidenti postu təklif edilsin. Mənim missiyam, qarşıma qoyduğum məqsəd məşqçi kimi davam etməkdir. Hazırda “Qarabağ”dayam. Bu kollektivlə, rəhbərliklə işləmək mənim üçün xoşdur. İşimiz burdadır. Yalnız İcraiyyə Komitəsinə namizədliyim verilib, o da hələ təsdiq olunmayıb. Tam əmin olduqdan sonra insan fikirlərini tam inamlı şəkildə bildirir. Mən həmişə rəhbər vəzifələrindən uzaq olmuşam. Futbol oynamış, futbolun içində daha çox təcrübəsi olmuş insanların qurumlarda çox olmasının tərəfdarıyam. Gələcəkdə necə olacağını bilmirəm. Yeni rəhbərlik qurulur, yeni rəhbərlik gəlir. Gələcəkdə hansı vəzifədə kimlər olacaq, bilmirəm. Amma ümumən, əlbəttə ki, bəzi sabiq futbolçuların, futbol mütəxəssislərin federasiyada olmasının tərəfdarıyam, onların təcrübəsindən faydalanmağın tərəfdarıyam”.