“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Vacib 3 xal əldə etdik. Qarşımızda istəkli və ciddi rəqib var idi. Narazı qaldığım bəzi epizodlar oldu. Qəbələdə, Gəncədə, Tovuzda yaxşı oyun göstərmək çətindir. Amma futbolçular ciddi və diqqətli idilər. Belə geridönüşlər futbolçulara inam verir. Azarkeşlərimizə təşəkkür edirəm.
Aleksey İsayevin bizim tələblərimizə uyğunlaşmağa ehtiyacı yoxdur. Təcrübəli futbolçudur. Amma onu potensialı bu deyil. Daha da yaxşı olmalıdır. Komandamıza fayda verəcək futbolçudur. Gələcəkdə ondan daha yaxşısını tələb edəcəyik.
İzləyicilərimizlə xal fərqinin çoxluğu futbolçuların motivasiyasına təsir edirmi? Təsir etdiyini deməzdim. Mənim tələblərim, proqramım olduğu kimi davam edir. Futbolçular da bunu ürəkdən yerinə yetirirlər. Nə qədər desək də, bəzən futbolçularda arxayınlıq olur. Amma bu, o demək deyil ki, biz hər şeyi təmin etmişik”.
Qurban Qurbanov Redon Cica və Yassin Benzyanın aldığı zədədən, eləcə də hakimin rəqib qapıçı İqor Rodriqesi meydandan qovmamasına da münasibət bildirib:
“Redon Cicada ciddi bir problem olması gözlənilmir. Yorğunluqdan əzələsində gərilmə oldu. Sabahkı müayinədən sonra dəqiq məlumat biləcəyik. Yassin Benzyanın durumu isə yaxşı deyil. Həkimlər başına tikiş qoydular. Baş gicəllənməsi var idi. Çox sərt zərbə aldı. Dəqiq durumu sabah bilinəcək. Onun epizodu ilə bağlı qərar hakimlərin olmalıdır. Məncə, həmin epizod qırmızı vərəqə idi. Amma paltardəyişmə otağında qapıçılarımız dedilər ki, orada qırmızı yox idi”.
“Əsas məqsədimiz əvvəlki “Kəpəz”i geri qaytarmaqdır”
“Kəpəz”in baş məşqçisi Adil Şükürov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Futbolçularıma təşəkkür edirəm. Verilən tapşırıqları maksimum yerinə yetirnməyə çalışdılar. Oyunun sonlarında bir az konsentrasiya itdi. Əsas məqsədimiz əvvəlki “Kəpəz”i geri qaytarmaqdır. Bunun üçün də çalışırıq. Bu gün meydana daha çox mübarizə aparan futbolçuları buraxmışdıq. Onlardan razı qaldım. “Qarabağ”da Abdullah Zubir meydana çıxandan sonra sağ cinahdan daha çox təqyiq oldu. Həmin epizodda ani diqqətsizlikdən penalti ilə nəticələndi”.


