“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, Premyer Liqanın 16-cı turundan təxirə salınmış və 5:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Bu gün optimal heyətlə oynasaq da, çox çatışmazlıq oldu. Son 2 turda öz oyunumuzdan uzaqlaşmışdıq. Hər bir halda futbolçularımı təbrik edirəm. Onları motivasiya etmək asan deyil. Yaxşı qalibiyyət əldə etdilər. Bol qollu oyun oldu. Matçın sonlarına yaxın bəzi dəyişikliklər etdik. Rəqib görüşə pis başlamadı. Oyunu müdafiədən qurmaq istəyirdilər. Erkən vurduğumuz qol onların planlarını dəyişdi və boşluqlar daha çox oldu. Hər oyunda dəyişiklər edəcəyik ki, oyunçular idman formalarını qoruyub saxlaya bilsinlər.
Hazırda tam olaraq, kubokun finalı üçün düşündüyümüzü deyə bilmərəm. Dəyişikliklər olacaq. İstəyirəm ki, bütün futbolçulara şans verim”.
Qurban Qurbanov “Qarabağ”la 3 illik yeni müqavilə imzalamasına da toxunub: “Yaxın dönəmlərdə xarici klublardan təklif almamışam. Düzü, bu barədə maraqlanmamışam. Mənim üçün vacib olan “Qarabağ”dır. Mənim üçün “Qarabağ”ın dəyəri istənilən digər klubdan daha böyükdür. Onun adlı-sanlı klub olması belə, bu gerçəkliyi dəyişmir. Başqa kluba rəhbərlik etməyi düşünmürəm. Yaxın gələcək üçün ancaq “Qarabağ”ı fikirləşirəm”.
Təcrübəli baş məşqçi Patrik Andrade və gürcüstanlı qapıçı Luka Quqeşaşvili ilə danışıqların davam etdiyini vurğulayıb.
“Belə səhvlər etməməliyik”
“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa isə darmadağını belə şərh edib:
“Meydanda olanları hamı gördü. Rəqibin heyətində yaxşı futbolçular var. Öz səhvlərimiz də oldu. Nəticədə böyük hesabla uduzduq. Yaxşı nəticə üçün gözəl oyun sərgiləmək lazımdır. Belə səhvlər etməməliyik. Rəqibin ustalıq səviyyəsi olduqca yüksəkdir. Ona görə də əlimizə düşən azsaylı epizodlardan da yararlana bilmədik”.
41 yaşlı mütəxəssis “Qarabağ”ın futbolçusu Riçard Almeyda maraqlandığınız futbolçulardandırmı” sualına belə cavab verib: “Hansısa adla bağlı şərh verə bilmərəm. İki oyunumuz qalıb. Mövsümü başa vurmalıyıq. Bundan sonra transferlər barədə danışa bilərik. Belə xəbərləri şərh etməyin mənası yoxdur”.


