Qurban Qurbanov: “Maksimum istəyimizə çatmışıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 35-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Samir Abasovu təbrik edirəm. Ona uğurlar arzulayıram. Uduzmaq istəməzdik. Futbolda belə hallar olur. Futbolçularım çox çalışdılar. Komandaya iradım yoxdur. Məğlub olanda həm oyun zamanı, həm də oyundan sonra futbolçularımız əziyyət çəkirlər. Baxımlı oyun olduğunu da deməzdim. Hava isti idi, ola bilsin ki, motivasiya da çatmırdı. Futbolçularımız bu günə qədər hamının sevgisini qazanıblar, hamının üzünü ağ ediblər. Hamımız onlara güvənirik və təşəkkür edirik. Məğlubiyyətsiz idman növü və məğlubiyyətsiz çempionat yoxdur. Uduzmuşuq. Amma maksimum istəyimizə çatmışıq”.

Qurban Qurbanov UEFA Çempionlar Liqasına hazırlıq planının tam bəlli olmadığını qeyd edib: “Hazırlıq planımız böyük ölçüdə bəllidir. Amma hələ tam dəqiqləşməyib. Ola bilər ki, bir-iki xırda detalda dəyişiklik edək. Transfer axtarışlarımız da davam edir. Amma yüksək məbləğdə olan futbolçu axtardığımızı deməzdim”.

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə “Qarabağ” üzərindəki qələbəni belə şərh edib:

“Komandamı təbrik edirəm. Paralel olaraq digər oyunlar da gedirdi. Öz oyunumuz qədər digər matçlar da vacib idi. Digər oyunlardakı nəticələr də bizi liqada saxlaya bilərdi. Amma xoş olan odur ki, “Qarabağ”ı məğlub etməklə öz hesabımıza Premyer Liqada qaldıq. O biri komandalara ümid etmək məcburiyyətində qalmaqdıq. Futbolçularımı, azarkeşlərimizi təbrik edirəm. Bir oyunumuz qalıb, ona hazırlaşacağıq. Həmin matçı keçirdikdən sonra planlarımızı quracağıq. Əsas məqsədimiz Premyer Liqada qalmaq idi. Bura gələndə də qarşımıza məhz bu məqsəd qoyulmuşdu. Allaha şükürlər olsun ki, öhdəsindən gəldik”.