“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda “Malmö”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis Bakıda baş tutan və 1:2 hesabı ilə məğlub olduqları matçdan sonrakı mətbuat konfransına bunları söyləyib:
“Öz meydançamızda belə məğlub olmaq istəməzdik. Deyəcək çox söz yoxdur. Rəqibi təbrik etməliyik. Bəlkə də layiqli qələbə qazandılar. Epizodlarımız oldu. “Malmö”nün fərqli oyun tərzinə malik olduğunu demişdim. İkinci hissədə erkən qol buraxdıq. Əksinə, ikinci hissəyə aqressiv başlamalıydıq. İlk dəqiələrdə belə qol buraxmaq futbolçulara təsir etdi. Yaxşı komandayıq, daha yaxşı oynayıb, daha yaxşı nəticə əldə edə bilərik. Ola bilər ki, komanda bu aralar öz oyun ritmindən uzaqlaşıb. Ümid edirəm ki, qarşıdakı vaxtlarda daha yaxşı olacağıq.
Ola bilər ki, bir neçə futbolçumuzun zədəli olması oyun planımızda geriləməyə səbəb olub. Julio Romao da bu gün bir az özünü yaxşı hiss etmirdi. Məncə, onu əvəzləməklə düzgün addım atdıq. Özünü pis hiss edirdi. Bəhlul Mustafazadədə də ilk hissədən sonra ağrı var idi. İkinci hissədə hiss etdim ki, öz gücü ilə oynaya bilmir. İynə vurub çıxmışdı meydana”.
Qurban Qurbanov “Qarabağ”ın hazırda əvvəlki qədər həvəsli və istəkli olmadığı barədə iddiaları da cavablayıb:
“Futbolçuların həvəsdən düşdüklərini deməzdim. Ola bilər ki, öz oyun ritmlərindən uzaqlaşıblar. Bəlkə də psixoloji yorğunluq var. Bəzi oyunçuların idman formasından uzaq olduğunu görürəm, bilirəm. Bu, ölkə çempionatında görünməyə bilər. Amma Avropa oyunlarında hiss olunur. Biz daha yaxşı oynaya bilərik. Bəzi düşündüyüm xırda elementlər aradan qalxdıqda, belə olacaq. Bu oyun bir daha göstərdi ki, belə matçlarda daha çox motivasiya, dinamika olmalıdır, güc sərf etməliyik. Bu gün uduzsaq da, bu oyunun bizə faydası olacaq”.
“Qapıçılarımızın hər ikisinə inanıram, güvənirəm”
“Qarabağ”ın baş məşqçisi qapıçılar Fabian Buntiç və Mateuş Koxalskinin etibarlı olmadığına dair sualı da cavablayıb:
“Ola bilər ki, hələ tam adaptasiya ola bilməyiblər. Hər ikisinə inanıram, güvənirəm, böyük potensialları var. Şahruddin Məhəmmədəliyevin də yaxın zamanlarda meydana dönməsi mümkünsüz görünür. Fərdi məşqlərə başlayıb. Kollektivlə başlamasına xeyli vaxt lazım olacaq. Məncə, hər ikisi güvəniləsi qapıçıdır. Çempionata tam uyğunlaşandan sonra onlardan çox faydalanacağıq”.
“Qələbəyə layiq idik” – Henrik Ridström
“Malmö”nün baş məşqçisi Henrik Ridström isə komandasının Bakıdakı qələbəsinə belə şərh verib:
“Çətin oyun oldu. “Qarabağ” çox güclü, gözəl komandadır. Onların yaxşı oyunçuları var. Elə anlar oldu ki, çox çətinlik çəkdik. Komandamın oyunundan razıyam. Biz qələbəyə layiq idik. Qalib də gəldik.
Bu gün daha yaxşı müdafiə olunduq. Topla çox soyuqqanlı hərəkət etdik. Oyunun sonunda rəqib bizi sıxdı. Ona qədər hücumlarımız kəsərli idi, “Qarabağ”ı bir çox hallarda müdafiəyə oturmağa məcbur edirdik.
Oyun planını elə qurduq ki, əks-hücumları nəzarətdə saxlayaq. “Reyncers”lə oyundan razı deyildim. Amma bu gün daha məntiqli oynadıq”.



