“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 5-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis komandasının 1:2 hesablı məğlubiyyəti barədə bunları söyləyib:
“Məğlub olsaq da, yaxşı oyun oldu. Hər iki komanda tərəfdən dinamik matç keçdi. Deyəcək çox söz yoxdur. 100 faizlik imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Futbolun gözəlliyi budur. Nəticədən yox, oyundan, futbolçuların yanaşmasından razı qaldım.
Qarşıdakı fasilə var. Amma təəssüf ki, komanda olaraq birlikdə istirahət edə bilməyəcəyik. Milliyə gedənlər olacaq. Digər futbolçulara üç gün istirahət verəcəyik və sonra çalışmağa başlayacağıq. Futbolçuların istirahətə ehtiyacı var”.
Qurbanov qapıda Andrey Lunyova yox, Şahruddin Məhəmmədəliyevə şans verməsini belə izah edib: “Limit və meydança amili var idi. Digər tərəfdən təcrübə də vacibdir. Şahruddinin oynamasına ehtiyac var idi. Qərar belə oldu”.
Baş məşqçi avrokuboklara görə yaranacaq sıx qrafikdə problemlərinin olacağını bildirib: “Bu, problemdir. Futbolçularımızı da qorumalıyıq. Leandro Andrade milliyə gedəcək. Marko Yankoviçi heç meydana buraxmadım, onların yığmadakı oyunu daha tezdir. Çempionata normal formada hazırlaşa bilməmişik. İlk deyil, illərdir belə rotasiyalar edirik. Bu dəfə yaxşı alınmadı. Çatışmazlıqları proqramımıza baxıb, həll etməyə çalışacağıq”.
Qurban Qurbanov “Səbail”in futbolçularının hesabda önə keçdikdən sonra vaxtı uzatmalarına da münasibət bildirib: “Vaxt keçirmək olar, amma hakimlərə deyəndə, deyirlər vaxtı əlavə edəcəyik. Lakin məsələ bunda deyil. 3-4 dəqiqəlik pauza yaranır. Bu, futbolçularda qıcıq yaradır. Bu qədər vaxtı aparmalarını, tempin aşağı düşməsini istəməzdim. Hakimə bildirirdim ki, əvvəldən xəbərdarlıq et, belə hallar yaşanmasın. Vaxt aparmaq rəqiblərin taktiki planıdır. Qarşıdakı rəqib də həddən artıq istəkli olanda onlara hörmətlə yanaşıram. Qələbə üçün hər variantdan istifadə edirlər. Tempi bu qədər aşağı salmasaq, yaxşı olar”.
“Bu mövsüm startda itkilər çox oldu”
“Qarabağ”ın çalışdırıcısı “qışdan sonra itirlən xalları kompensasiya etmək mümkün olacaq” sualını da cavablandırıb: “Qışa kimi kompensasiya etmək lazımdır. Qarşıdakı oyunlarda daha aktiv olmalıyıq. Növbəti ili bilmək olmaz. Bəlkə, qrupda uğurlu olduq və növbəti ili də sıx qrafikdə keçirdik. Neçə ildir bu yoldayıq. Sadəcə, bu mövsüm startda itkilər çox oldu. Liderlər sırasında olmaq istəyiriksə, aktiv olmalıyıq. Düzünü etməyə çalışacağıq. Biz də uğurlu olmaq istəyirik. Hər turnirdə maksimum gücümüzdən istifadə etməyə çalışmışıq. Əvvəlki illərdə olduğu kimi, çalışırıq ki, nəticələrimizi minimum qoruyub-saxlayaq, maksimum daha yaxşı edək. Bu xal itkiləri faciə adlandırmazdım. Amma yekunda nəticəyə təsir edə bilər. Xallarımızdan razı deyilik. Görünür, çempionat bu il fərqli olacaq. Bəzən böyük çempionatlarda görürsən ki, 10 ildən bir düşünülməyən nəticə olur. Xal itirməyən komanda yoxdur”.
Şahin Diniyev: “Qələbə təsadüfi olmadı, yaxşı oyunla qazandıq”
“Səbail”in baş məşqçisi Şahin Diniyev isə komandasının əzmkar qələbəsini belə şərh edib:
“Qarabağ”ı ardıcıl 10-cu dəfə avrokubokların qrupuna vəsiqə qazanmaları münasibətilə təbrik edirəm. Fikrimcə, bu il qrupdan çıxmaqla bizi sevindirəcəklər. Çox yaxşı komandaya qarşı oynadıq. Furbolçularım verdiyim taktiki tapşırıqlara əsasən savadlı oynamağa çalışdılar. Rəqibi əks-hücumlarda tutmaq istəyirdik. Taktikamız hardasa 2-ci hissədə daha yaxşı alındı, amma qol vura bilmədik. “Qarabağ”dan erkən qol buraxıb geridönüş etmək çox çətindir. Futbolçularıma “çox sağ ol” deyirəm. Bu gün yaxşı oyunla qələbə qazandılar, təsadüfi qələbə olmadı.
Razıyam ki, futbolçular vaxt aparmağa çalışırdılar. Heç kim uduzmaq istəmir. Bunlar futbolun bir hissəsidir. Mən də vaxt aparmağın tərəfdarı deyiləm, amma futbol belədir. Təzyiq altında qalmışdıq və pauza verməli idik. Bunlar tapşırığım deyildi, amma futbolçularım etdilər.
Ardıcıl qələbələrdən sonra fasilənin yaranması bir az ritmi pozacaq. Bu, bütün komandalara təsir edəcək. Xususilə millidə çox futbolçusu olanlara. Bu mövsüm oynadığımız 5 matçda heç bir rəqibə oyun planında məğlub olmamışıq. Vaxt keçdikcə, daha yaxşı “Səbail” görəcəksiniz”.


