Qurban Qurbanov: “Napoli”yə qarşı cəsarətli oyun göstərməliyik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Napoli” ilə oyundan gözləntilərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və İtaliya klubları ÇL-in Liqa mərhələsinin 5-ci turu çərçivəsində sabah Neapol şəhərində üz-üzə gələcəklər.

Qurban Qurbanov bu gün oyundan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox gözəl bir şəhərdəyik. Bizi çox böyük tarixə malik klubla oyun gözləyir. Böyük bir məşqçinin komandası ilə qarşılaşacağıq. Vacib bir oyundur. Bilirik ki, “Napoli” turnir cədvəlindəki yerini daha da yaxşılaşdırmaq istəyəcək. Ona görə çox ciddi hazırlaşırlar. Antonio Kontenin heç bir oyunda diqqətsiz olduğunu görməmişəm. Onu yaxından tanıyıram.

Biz də pis hazırlaşmamışıq. Çox istərdik ki, sonadək öz oyun nizam-intizamını qoruyub saxlayaq və yaxşı dinamik futbol oynayaq. Klubda uzun illər gördüyümüz işlər, missiyamız ildən-ilə irəli getməkdir. Bu turnirdə bacardığımız qədər iştirak etmək istəyirik. Bu mərhələyə düşmüşüksə, oyunumuzdan, cəsarətimizdən, mübarizəmizdən zövq almaq istəyirik. Oyunlara belə məsuliyyətlə yanaşırıqsa, nəticə də əldə etmək olar.

Bugünkü nəticələrə baxdıqca, həm sevinirik, həm özümüzə inam artır. Sabah meydanda çox diqqətli, əzmkar olmalıyıq. Azarkeşlər üçün cəsarətli oyun göstərməliyik”.

Qeyd edək ki, sabah Dieqo Armando Maradona adına stadionda keçiriləcək “Napoli” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: