Qurban Qurbanov “Olimpik”ə məğlubiyyətə aydınlıq gətirdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Lion “Olimpik”inə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Fransa klubları arasında Avroliqanın Liqa mərhələsinin 5-ci turu çərçivəsində Bakıda keçirilmiş oyun Ağdam təmsilçisinin 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Maçtdan sonra baş tutan mətbuat konfransında Qurban Qurbanov məğlubiyyətə belə şərh verib:

“Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu cür havada, hesab böyük olsa da, sona qədər bizimlə oldular. Oyuna gəldikdə, əlbəttə ki, hesab üzücü görünür. İkinci hissənin ortalarında komandada bəzi boşluqlar yarandı. Rəqibin sürətli hücumlarının qarşısını ala bilmədik. Oyundan razı qaldım. Niyə? Futbolçular bilirdilər ki, qarşımızda yaxşı komanda var. Amma öz oyunumuzdan əl çəkmədik, risklərə getdik. Böyük futbol belədir. Qol epizodlarından istifadə edə bilmirsənsə, rəqib ustalıq səviyyəsinə görə fərqlənə bilir. Hesab oyuna görə deyildi. Əfsuslar olsun ki, belə hesab oldu. Qarşıdakı matçlara hazırlaşmalıyıq.

“Bəxtsizlik” ifadəsini çox az-az işlədirəm. Elə epizodlar var idi ki… İki topumuz dirəkdən döndü. Bilmirəm, buna bəxtsizlik deyirlər, ya yox. Biz qol vurmalı olduğumuz halda, rəqib vurdu. Qəbul etməliyik ki, rəqib oyunçuların ustalıq səviyyəsi yüksək idi. İlboyu bu tempdə oynayırlar. Hesabın belə alınmasının daha çox ustalıq səviyyəsinə bağlı olduğunu deyərdim.

Oyunun gedişində dəyişiklik etmək mənim üçün ən çətin qərarlardan biridir. Udsaq da, uduzsaq da. Amma bəzi futbolçuların dinamikasına da fikir veririk. Müdafiədə, orta sahədə aktiv olmaq lazım idi. Rəqib də bundan istifadə etdi. İkinci qol sadəcə texniki səhvdən sonra oldu. Hansısa hücum qurmadılar. Ondan sonra futbolçular özünə gəlincə, üçüncü qolu gördük. Hər iki qoldan əvvəl biz fərqlənməli idik, rəqib fərqləndi. Epizodlarımız qol olmadı. Deməli, bu gün məğlub olmalıydıq”.

“Qarabağ” qorxaq futbol oynasaydı…”

Qurban Qurbanov komandasının pley-offa çıxmaq şanslarını da dəyərləndirib: “Şanslar hələ qalıb. Oyunları görürsünüz. İldən-ilə rəqiblərimiz bizə daha ciddi yanaşırlar. Futbolun dinamikası, sürəti, ustalıq çox yuxarı səviyyədədir. Bunu etiraf etməliyik. Biz rəqiblərlə bərabər səviyyədə mübarizə aparmağa çalışırıq. Amma Avropa futbolunun üstünlüyünü qəbul etməliyik. “Səbail”lə matçda süni örtükdə oynayırdıq. Meydançanı suladılar. Topun getməsi oyunumuzun sürətini aşağı saldı. Hakim də belə qarşılaşmalarda oyunu çox saxlayır. İstər-istəməz Azərbaycan futboluna təsir edir. Amma bizim daha yaxşı oyunlarımız olub. Heç vaxt bunu məğlubiyyətlərimizdə səbəb göstərmirəm. İnkişaf üçün bunları daha da yaxşılaşdırmaq lazımdır. Biz də sona qədər mübarizə aparacağıq.

Bu futbolçulara bəzən təşəkkür edirəm ki, neçə illərdir, minimum bu səviyyəni qoruyub saxlayıblar. Bu turnirə UEFA Çempionlar Liqası gözü ilə də baxa bilərik. “Ayaks”, “Tottenhem”, “Olimpik” (Lion) kimi klublar rəqiblərimizdir. Elə liqalardan gəlirlər ki… Bu cür komandalara qarşı oynamaq futbolçulara həyəcan verir. Biz bu cür rəqiblərə qarşı çəkinmədən mübarizə aparırıq. Komandamı müdafiədə oynada bilərdim. Amma bu cür inkişaf etməyi mən istəmirəm. Qoy belə risklərə gedək, futbolçular uduzsun. Futbol tam başqa səviyyədədir. Sadəcə, futbolçulardan istəyirəm ki, cəsarətli olsunlar, istənilən rəqibin üzərinə getsinlər. “Qarabağ” olaraq qorxaq futbol oynasaydıq, az səhv etməyi düşünsəydik, bu nəticələri verməzdik. Bu gün şanslarımızdan istifadə edə bilmədik. Bəlkə sabah başqa cür olacaq. Narahat olmayın. Hər tərəfdən futbolçular idarə olunur. Özüm də tələb edirəm ki, daha yaxşı olmaq, daha da böyümək lazımdır”.

Pyer Saj: “Qarabağ” daha çox qol vura bilərdi”

Lion “Olimpik”inin baş məşqçisi Pyer Saj isə darmadağına sevindikləri matçla bağlı bunları dilə gətirib:

“Qarabağ” ilk hissədə çoxlu təhlükəli epizodlar yaratdı. Bunu unutmaq olmaz. Biz ikinci hissədə müdafiəni daha yaxşı təşkil etdik. Hücuma keçidlərdə üstünlüklərimiz oldu. Çətin olsa da, sonradan ardıcıl qollar vurduq. Hesabın oyuna görə olduğunu deməzdim. “Qarabağ” daha çox qol vura bilərdi. Şansları da var idi. Bu da oyunun gedişatını dəyişdirə bilərdi. Stadionda azarkeşlərin davranışı yaxşı idi. Oyunun gedişatına müsbət təsir edirdilər”.